Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin edilməsi üçün zəruri işləri davam etdirməkdədir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az saytına verilən məlumata görə, tədbirlərin davamı olaraq Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü “Koroğlu” metro stansiyası ətrafında və Heydər Əliyev prospektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə pilot layihə qismində yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.
Layihənin əsas məqsədi həm də yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsindən sərnişinlərin istifadə etməsinin qarşısını almaq, dünyanın qabaqcıl ölkələrində mövcud nümunə əsasında nəqliyyat qovşaqlarında sərnişinlərin təhlükəsizliyi və nəqliyyat vasitələrinin hərəkətinə mane olmaması baımından onlar üçün nəzərdə tutulan səkilərdən istifadəni təmin etməkdir. Pilot layihə ilkin şəkildə cəmiyyətda piyada və sürücü mədəniyyətinin və standart davranış qaydalarının formalaşdırılmasına hesablanıb.
Xüsusi olaraq qeyd edək ki, Koroğlu metro stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu.
Həmçinin Qara Qarayev prospekti istiqmətində yaranan sıxlığı arada qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən 160, 171, 172, 189 və 136 saylı marşrut xətlərinin son dayanacağı “Qara Qarayev” metro stansiyasının önü deyil, məhz “Koroğlu” metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib.Gülşən RAUFQIZI