Modern.az

Hikmət Babaoğluna TÜRKSOY-un xüsusi mükafatı verildi

Hikmət Babaoğluna TÜRKSOY-un xüsusi mükafatı verildi

2 May 2016, 11:51

Aprelin 28-də Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.
Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində eyni zamanda, TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Təşkilatın mükafatları Azərbaycandan İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədova və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğluna təqdim olunub. Qeyd edək ki, millət vəkili Hikmət Babaoğlu bu mükafata Türk dünyasında mövcud olan maddi və mənəvi abidələrin tarixini tədqiq etdiyinə və sanballı elmi əsərlər yazdığına görə layiq görülüb.

Yeri gəlmişkən, bu il eyni zamanda, Qazaxıstandan "Kazakstankaya pravda" qəzetinin baş redaktoru Aleksandr Tarakov, "Aykın" qəzetinin baş redaktoru Nurtöre Jusip, "Ahızka" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, Qırğızıstandan "Jetigen" qəzetinin baş redaktoru Abdilamit Jumaşev, müstəqil jurnalist Munduzbek Tentimişev, Türkiyədən "Yeni düşüncə" jurnalının təsisçisi Yalçın Topçu, "Hüriyyet" qəzetinin redaktoru Oğuz Dəmir, Türkmənistan Dövlət Televiziya, Radio və Kinematoqrafiya Komitəsinin redaktoru Aşirbek Baymuradov, Özbəkistandan "CA-News" agentliyinin Mərkəzi Asiya müxbiri Umida Maniyazova, Moldovadan Qaqauz Yeri Sədrliyinin protokol və mətbuat xidmətinin rəhbəri Qeorqi Yalancı və Makedoniyadan "Yeni Balkan" qəzetinin müxbiri Bünyamin Liman da TÜRKSOY tərəfindən mükafatlandırılıblar.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə