“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı haqda rəy yazıb.
Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan olunub.
Dünyada, xüsusilə multikulturalizm siyasətinin həyata keçirildiyi Avropa İttifaqı ölkələrində bu fenomenin son dərəcədə deqradasiyaya uğradığı bir vaxtda, mədəniyyətlər, etnoslar, dinlər, dini və milli azlıqlarla çoxluq təşkil edən millətlər (etnosun) arasında baş verən konfliktlərin dərinləşməsi fonunda ölkəmizin atdığı bu addım öz əhəmiyyətini birə on artırır, multikulturalizmin alternativinin olmadığını bir daha təsdiqləyir.
Azərbaycan dünya səviyyəsində hər zaman tolerantlıq, dözümlülük nümunəsi kimi tanınıb. Bu barədə ilk dəfə 2002-ci ildə Almaniyanın, Norveçin Bakıda fəaliyyət göstərən səfirləri, o cümlədən 2003-cü ilin mayında ölkəmizə səfər edən Roma Papası II Pavel tərəfindən dünya ictimaiyyətinə mesaj verilmişdir. Onların dilə gətirdikləri “Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir” fikri dünya ölkələri və xalqları tərəfindən qəbul edilmişdir.
Birgəyaşam fenomeninin ölkəmizə nəsildən-nəslə keçərək, bu günə kimi gəlib çıxdığını, inkişaf etdirildiyini, onun ölkədaxili siyasətin əsas amillərdən biri kimi vacib əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev tarixi irsimizə sadiqliyini bir daha sübut etmiş oldu.
Dünyada islamofobiyanın, milli və dini dözümsüzlük hallarının hökm sürdüyü bir vaxtda birgəyaşayışın Azərbaycan modelinin öyrənilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa yol verməmək üçün birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək və bu modeli digər ölkələrdə də göstərmək, təbliğ etmək, dünya xalqlarına sülh və əmin-amanlıq yolunda vacib əyani vəsait rolunu oynaya bilər. Bu baxımdan tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitab nəinki elmi, həm də böyük siyasi aktuallıq nümunəsi, tolerantlıq təcrübəsinin pozitivliyini dərindən aşılayan bir əsər kimi qiymətləndirilə bilər.
Kitab bu sahədə çalışan müəllim və tələbələrlə yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Güman edirəm ki, bu kitab multikulturalizmin və tolerantlığın həyat tərzinə və birgəyaşayış normasına çevrildiyi Azərbaycanda millətlərarası və dinlərarası dialoq, barışıq və tolerantlıq mühi¬tinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.