Modern.az

Daxili İşlər Nazirliyindən keçmiş polis zabitinə CAVAB

Daxili İşlər Nazirliyindən keçmiş polis zabitinə CAVAB

4 May 2016, 16:51

Modern.az saytında 30.04.2016-cı il tarixdə yayımlanan “Bu işlər tezliklə yoluna qoyulmasa, tüfeyli uşaqların sayı artacaq” başlıqlı yazıya Daxili İşlər Nazirliyi (DİN) reaksiya verib.

DİN mətbuat xidmətinin şöbə rəisi  Orxan Mansurzadə Modern.az-a ünvanlandığı cavab yazısında keçmiş polis polkovnik-leytenantı, kriminalist ekspert Mahmud Hacıyev dediklərinə münasibət bildirib.

 “Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorların sovet hakimiyyəti dövründə daha yaxşı işləmələrinə, indi bu sahədə qanunvericilik bazasının yaradılmasının(?), fəaliyyətin yenidən qurulmasının vacibliyinə dair səslənmiş fikirlər polis fəaliyyəti barədə elementar təsəvvürü olan oxucularda haqlı təəccüb və təəssüf doğurmaya bilməz”,-deyə DİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, profilaktik işin sözügedən önəmli istiqaməti barədə bu sahədən xəbərsiz olan adi bir vətəndaş oxşar fikirlər söyləsəydi, onu hardasa başa düşmək olardı.

“Lakin  bu haqda sabiq polis zabiti keçmiş sovet milisinin fəaliyyətindən nostalji tonda, özü də bu gün polis orqanlarının həmin cinayətlərin qarşısının alınması sahəsində gördükləri işləri görməzdən gələrək bəhs edir.

Respublikamızda azyaşlıların və yeniyetmələrin hüquqlarının qorunması sahəsində demək olar ki, mükəmməl hüquqi-normativ bazanın yaradılmasından xəbərsiz kimi, yaxud kifayət qədər məlumatı olub bu barədə gələcək zamanda danışırsa, görünür o zaman bəzi məlum həqiqətləri yenidən xatırlamağa, yaddaşları təzələməyə ehtiyac var.

Müstəqilliyin əldə edilməsindən, istər ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra, istərsə də  Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyət dönəmində cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə sahəsində köklü islahatlar, struktur dəyişiklikləri həyata keçirilib.

Eyni zamanda, avropalı ekspertlərin iştirakı ilə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının qorunması ilə bağlı yeni normativ-hüquqi bazanın yaradılması istiqamətində böyük işlər görülüb. Bu sahədə yetərincə qanunvericilik aktları qəbul edilib.

Onlara  "Uşaq hüquqları haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanunları, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməni, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını  və onlarca digər belə normativ-hüquqi aktları, o cümlədən Nazirlər Kabinetinin qərarlarını göstərmək olar.

Həmin qanunvericilik aktlarına əsasən DİN-in müvafiq aktları ilə yetkinlik yaşına çatmayanlarla bağlı əsasnamələr, təlimatlar təsdiq olunaraq icraya yönəldilib.

Əminliklə söyləmək olar və indi keçmiş sovet dövrünü nostalji duyğularla xatırlayanlar da təsdiq edə bilərlər ki, həmin zamanlarda azyaşlılar və yeniyetmələrin hüquqlarının müdafiəsi ilə bağlı belə təkmil qanunvericilik bazası heç vaxt mövcud olmayıb. "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamınin 1-ci maddəsinə əsasən, komissiyanın əsas məqsədi azyaşlılara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərinin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Vaxtilə "ispalkomlar"ın nəzdində azyaşlıların işləri üzrə komissiyaların yaxşı işləməsindən ağızdolusu bəhs edənlər hər halda bilməmiş deyillər ki, anoloji komissiyalar yerli icra hakimiyyətlərinin də yanında köhnə əyyamlardan heç də zəif olmayaraq işləyir.

Hazırda Daxili İşlər Nazirliyi və ərazi  polis orqanlarının tərkibində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili üzrə inspektorlar yerli icra hakimiyyəti orqanları, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və digər nazirliklərlə, onların yerli qurumları, uşaqlarla bağlı fəalyyət göstərən 100-dən çox ictimai təşkilatla, beynəlxalq qurumlarla əlaqə yaradılıb”.

Orxan Mansurzadə bildirib ki, təqribən son ilyarım ərzində yeniyetmələrin maarifləndirilməsi üçün DİN-in Kollegiya qərarlarının və müvafiq tədbirlər planının icrası ilə bağlı tədbirlər görülüb. 

Onun sözlərinə görə, demək olar ki, bütün bölgələrində 2 minə yaxın görüş, seminar-müşavirə, diskussiyyalar, dəyirmi masalar, digər çoxsaylı maarifləndirici tədbirlər keçirilib.

“Həmin tədbirlərdə 500-ə yaxın polis əməkdaşı, 80-ə yaxın narkoloq, 400-ə yaxın psixoloq, 80 minə yaxın  məktəbli, tələbə, professor-müəllim heyəti, habelə ictimaiyyətin digər nümayəndələri iştirak ediblər ki, onların hamısı KİV-də işıqlandırılıb.

Məhz həyata keçirilən belə məqsədyönlü qabaqlayıcı profilaktiki, maarifləndirici tədbirlərin nəticəsində ötən ilin I rübü ilə müqayisədə cari ilin aonoloji dövründə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər sabit qalıb, onlara qarşı törədilən cinayətlər isə bir qədər də azalıb.

Məlumat üçün qeyd edirik ki, hazırda qadın əməkdaşlarımız daxili işlər orqanlarının fəaliyyət sferasına aid əksər sahələrdə, o cümlədən yetkinlik yaşına çatmayanlarla bağlı xidmətə cəlb olunublar.

DİN-in müvafiq göstərişinə əsasən, pedaqoji təhsilli qadınların testdən kənar müsabiqə yolu ilə yetkinlik yaşına çatmayanlarla bağlı xidmətə qəbulu həyata keçirilir və hazırda göstərilən istiqamətdə kifayət qədər "zərif cins"in nümayəndələri çalışır”.

Qeyd edək ki, Mahmud Hacıyev “Yeniyetmələrlə iş üzrə polis inspektorlarının işi sovetlər zamanı daha yaxşı təşkil olunmuşdu  Sovet dövründə indiki İcra hakimiyyətləri yox idi. Rayon Partiya komitələri var idi.  Bir də “İspalkomlar” (rayon xalq deputatları sovetinin icraiyyə komitəsi) mövcud idi. Bu komitədə də azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərirdi” deyə bildirib.  

Aqşin KƏRİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə