Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Modern.az-ın məlumatına görə, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ orta təhsil məktəblərində dini baş örtüyünə icazə verilməməsi və bu məsələ ətrafında xarici dairələrin təhrikilə ölkə daxilində baş verən son hadisələrlə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin bəzi xarici dövlətlərin dini dairələrinin stimullaşdırıcı hərəkətləri və təhrikedici bəyanatları ilə ölkə daxilində dinin siyasətlə cuğlaşmasına xidmət edən bir sıra məsələlərə münasibətdə ziddiyyətli addımlar atdığını və baş verənlərin dövlətçiliyimizin dünyəviliyi üçün təhlükəyə zəmin yaradır.
BAXCP İdarə Heyəti hesab edir ki, "Təhsil haqqında" qanuna öncə orta və ali təhsil müəssisələrində hicabın-baş örtüyünün qadağan edilməsi ilə bağlı müddəanın salınması, qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı isə xarici və yerli dini-siyasi dairələrin hədə-qorxusundan sonra həmin müddəanın sənəddən çıxarılması, daha sonra isə "Fatimeyi-Zəhra" məscidi ətrafında baş verən hadisələr zamanı oxşar davranışların sərgilənməsi ekstrimist qüvvələrin fəallaşmasına rəvac verib: ""Fatimeyi-Zəhra" məscidinin inşası zamanı tikintinin əsas hissəsi başa çatdırıldıqdan sonra müvafiq icra strukturlarının iddiası əsasında qanunsuz olaraq məscidin sökülməsi barədə məhkəmə qərarları çıxarıldı. İran mollalarının və onların ölkəmizdə din pərdəsi arxasında daldalanan əlaltılarının ekstrimist bəyanatlarından sonra isə məscidin inşasının davam etdirilməsinə icazə verildi. Təəssüf ki, ictimaiyyət bunu haqlı olaraq qanunun aliliyinin bərpa olunması kimi yox, ekstrimist qüvvələrin qarşısında geri çəkilmə kimi qiymətləndirdi. Hökumətin ziddiyyətli addımları bununla yekunlaşmadı. Orta məktəblərdə baş örtüyünə icazə verilməməsi ilə bağlı bəyanatlardan sonra daha öncə buraxılan səhvlər olduğu kimi yenidən təkrarlandı".
BAXCP hesab edir ki, hökumətin bu kimi məsələlərlə bağlı yürütdüyü yanlış siyasət, qəbul edilmiş qərarların xarici və daxili dini dairələrin ekstrimist davranışlarının qarşılığında ləğv edilməsi Azərbaycan dövlətçiliyinin gözdən salınmasına, eləcə də dövlətçiliyimizə qənim kəsilən qüvvələrin fəaliyyətinin stimullaşdırılmasına xidmət edir: "Azərbaycan iqtidarı hər zaman yürütdüyü siyasətin tamamilə müstəqil olduğunu və heç bir xarici qüvvənin təsirinə məruz qalmadığını bildirib. BAXCP Azərbaycan hökumətini özünün elan etdiyi prinsiplərə sadiq qalmağa, dövlətimizin dünyəviliyi üçün təhlükə yarada biləcək və dini ekstrimizmi stmullaşdıracaq qərarlar qəbul etməməyə çağırır".