Modern.az

Məhkəmə uşağı ölümcül hala salan sürücüyə haqq qazandırdı

Məhkəmə uşağı ölümcül hala salan sürücüyə haqq qazandırdı

5 May 2016, 17:46

Keçən il mayın 21-də Sumqayıtda 10 yaşında məktəblini şəxsi avtomabili ilə vuraraq, ölümcül hala salan Türkiyə vətəndaşı Arikan Mehmetə qarşı verilmiş apellyasiya şikayətinə dünən keçirilən məhkəmə prosesində baxılıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin icraçı katibi Bəbir Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 13 yanvar 2016-ci ildə keçirilən birinci instansiya məhkəməsində hakimin qərarı ilə təqsirkar şəxs sürücülük hüququndan məhrum olunmaq və qazancından dövlətə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
B.Əliyev zərərçəkmiş şəxsin təqsirkarın 4400 manat ödəməsi barədəki tələbənin yerinə yetirilməməsinə belə aydınlıq gətirib.

“Zərərçəkmiş apellyasiya şikayətində yazıb ki, 4400 manat ödənilsin. Ümumiyyətlə, cinayət işində qayda-qanunun tələbi belədir ki, istintaq dövrü və birinci instansiya məhkəməsinin hazırlıq iclası yekunlaşanadək mülkü iddia vermək mümkündür. O isə Apellyasiya Məhkəməsində mülkü iddia verir, bunu isə hakimlər qanunauyğun olaraq qəbul edə bilməz”.

Zərərçəkmişin qanunun tələblərinə uyğun şikayət vermədiyini deyən icraçı katib bildirib ki, o yenidən sənədlərini toplayıb Mülki Məhkəmədə iddia qaldıra bilər.

“Hakimlər də ona izah etdi ki, uşağının sənədlərini toplasın, həkimlərdən keçdyi kağızları alsın və Mülki Məhkəmədə iddia qaldırsın”.

Keçən il mayın 21-də Türkiyə vətəndaşı Arikan Mehmet Sumqayıtda 10 yaşlı məktəblini şəxsi avtomabili ilə vuraraq ölümcül hala salıb. Zərərçəkmiş məktəbli Mərdan Mərdanovun valideynləri bildirir ki, Arikan Mehmet tərəfindən törədilən qəza uşağı elə hala salıb ki, o, normal yeriyə bilmir. Mərdan Mərdanov 22 gün Sumqayıt Travmatologiya Xəstəxanasında yatıb. Sürücü məktəblinin müalicəsi üçün hətta Türkiyədə kömək göstərəcəyi barədə vədlər versə də, sonradan bu vədlərin arxasından çəkilib. Şikayətdə bildirilir ki, nə xəstəxanada olarkən, nə də sonra ailəyə yardım edilib. Müstəntiqlə ekspert birgə videogörüntüyə baxaraq rəy veriblər ki, xarici vətəndaş bu məsələdə təqsirkardır. Buna əsasən İlqar Məmmədov Aslan oğlunun hakimliyi ilə onun məhkəməsi olub. 13 yanvar 2016-ci ildə keçirilən məhkəmədə hakimin qərarı ilə təqsirkar şəxs sürücülük hüququndan məhrum olunmaq və qazancından dövlətə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Qərar qəbul edildiyi gündən bu vaxta qədər isə zərərçəkən tərəfə heç bir vəsait ödənilməyib. Nəticədə zərərçəkən tərəf Sumqayıt Məhkəməsindən apellyasiya şikayəti verib. Qəzada ayaq nahiyəsindən yaralanan Mərdan Mərdanov bu səbəbdən məktəbə gedə bilmir.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə