Modern.az

“Xahiş edirəm, aidiyyəti qurumlar bu məsələ barədə tədbir görsünlər”

“Xahiş edirəm, aidiyyəti qurumlar bu məsələ barədə tədbir görsünlər”

6 May 2016, 14:17

Milli Məslin bugünkü iclasında deputat Elmira Axundova Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, kənd təsərrüfatının inkişafına təkan verəcək, onu stimullaşdıracaq addımların atılmasının zəruriliyi barədə dəfələrlə çıxışlar edilib.

“Çünki qeyri-neft sektorunun inkişafı labüddür və günümüzün tələbidir, eləcə də kənd təsərrüfatının inkişafı bizim qida təhlükəsizliyimiz deməkdir. Bu baxımdan Vergilər Məcəlləsinə təklif edilən ƏDV güzəştlərini dəstəkləyir və alqışlayıram.

Bu yaxınlarda Hesablama Palatasının 2015-ci il fəaliyyəti barədə hesabatı zamanı çıxışımda da vurğulamışdım ki, Vergilər Nazirliyi nağdsiz ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Bü təkliflər təqdirəlayiqdir və bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, differensial ƏDV məsələsi tezliklə öz həllini tapsın. Çünki bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik çəkirlər. Bundan başqa bilirsiniz ki, ticarət obyektlərindən dövlət qurumları haqlı olaraq tələb edirlər ki, bir çox maliyyə əməliyyatları nağdsız aparılsın. Bu da keçid dövrü tələb edir, obyektiv səbəbdən bir çox çətinliklər yaradır. Ödəniş şərtlərinin dəyişməsi, banklarla müxtəlif problemlər yaranması, əsasən də manat və dolların qeyri-stabil olması fonunda əsasən orta və kiçik sahibkarlar, ticarət obyektləri mürəkkəb dövr yaşayırlar, bir çox hallarda bağlanmaq məcburiyyətində qalırlar. Bu isə sahibkarlığın zəifləməsi və nəticədə iş yerlərinin bağlanması deməkdir. Bildiyiniz kimi bu yaxınlarda bir qrup iri supermarketlər şəbəkəsi rəhbərləri İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciət ediblər və danışıqlar aparıblar. İstərdim ki, Vergilər Nazirliyinin iştirakı ilə bu proses itkisiz başa çatdırılsın, ticarət obyektləri öz işini davam etdirə, işçi qüvvəsini saxlaya bilsinlər, qida məhsullarının qiymət artımına yol verməsinlər. Bu da tək onlardan asılı deyil, onlara edilən güzəştlərdən, kompromislərdən çox şey asılıdır. Prezidentimiz demişkən, biznes mühitinə əlverişli şərait yaradılmalıdır. Necə ki, bu gün Vergilər Məcəlləsinə edilən dəyişikliklə bunu yaratmış olursunuz”.

Deputat heyvandarlıqla məşğul olanların bir problemini səsləndirmək istədiyini deyib:

“Onlar əsasən otlaqların azlığından şikayətlənirlər. Həmçinin qış mövsümündə yem ilə bağlı çox böyük çətinlikləri olur. Çünki bu yemi yüksək bazar qiyməti ilə alırlar. Düşünürəm ki, dövlət heyvandarlıqla məşğul olan şəxslərə bazar qiymətlərindən aşağı qiymətlə yem təklif etməlidir. Xahiş edərdim ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı da tədbirlər görsünlər. Heyvandarlıq və quşçuluqla ciddi məşğul olan fermerlərə yem məsələsində əhəmiyyətli dərəcədə tənzimlənmiş və güzəştli şərtlərlə kömək etsinlər. Bununla da  həm kənd təsərrüfatının inkişafını dəstəkləmiş, həm də cənab Prezidentin tövsiyələrinə əməl etmiş olacaqlar”.

Elmira Axundova “Banklar haqqında” Qanunun müzakirəsində də çıxış edib.

““Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi banklarda müqavilənin bağlanmasının daha şəffaf olmasına, kreditlərin verilməsi şərtlərinin bir az sərtləşdirilməsinə və daha dəqiq olmasına yönəlib. Məsələn, yeni təklifə əsasən kredit məbləği bankın aktivlərinin 5 faizindən çoxunu təşkil etdiyi halda müstəqil auditorun rəyi və səhmdarlarının ümumi yığıncağının qərarı olmalıdır. Biz bunu başa düşürük, çünki son zamanlar bir çox bankların kredit siyasəti iflasa uğrayıb və onlar müştərilərin kredit ödənişlərində çətinliyə düşüblər. Bankların kredit siyasəti onların özlərinə əhəmiyyətli dərəcədə ziyan vurub.

Bununla əlaqədar kiçik və orta sahibkarlığa ayrılan kreditlərlə bağlı məsələni qeyd etmək istəyirəm. Belə ki, əksər sahibkarlar, xüsusən də kənd təsərrüfatı ilə məşğul olanlar iri təsərrüfata sahib olmalarına baxmayaraq kredit ala bilməməkdən şikayətlənirlər. Ehtiyat edirəm ki, bu şərtlər qüvvəyə minəndən sonra sahibkarların kredit alması daha da çətinləşəcək. Buna görə istərdim ki, aidiyyəti dövlət qurumları və banklar bu cür məsələlərdə həssaslıq nümayiş etdirsinlər. Əgər hər hansı sahibkarların kredit sənədlərində çatışmazlıq varsa, həmin şəxsə hüquqi yardım göstərilsin, aradan qaldırması tələb olunan çatışmazlıqlar ətraflı izah edilsin, ümumiyyətlə ona kömək olunsun. Düşünürəm ki, xüsusən kənd təsərrüfatının inkişafına ayrılan kreditlərin verilmə şərtləri bir qədər yumşaldılmalıdır. Fermerlər bildirirlər ki, onlara qarşı hərdən ağlasığmaz və ağır tələblər irəli sürülür, işgüzar və əməli işlə məşğul olan sahibkarlar illərlə dövlət strukturları ilə bank arasında get-gələ salınır. Bilirsiniz ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Bu plana əsasən bütün dövlət strukturlarında şəffaflıq standartları təmin edilməlidir. Bankların kredit siyasətində də bu standartlar tətbiq olunmalıdır”.

Deputat “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsindən də danışıb.

“Göründüyü kimi adı çəkilən Məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir. Cərimələr 300 manatdan 500 manata qədər, 700 manatdan 1000 manata qədər, 1000 manatdan 2000 manata qədər və s. artırılır. Bunu ağlabatan hesab etmək olar. İstəmirsən günlərini dəmir barmaqlıqlar arasında keçirdəsən, buyur, cərimə ödə və azadlıqda qal. Belə təcrübə bir çox Qərb ölkələrində mövcuddur, özü də cərimələr bizimkindən qat-qat sərt və yüksəkdir.

Bununla yanaşı, bir məsələni mütləq qeyd etmək lazımdır. Bu da cəmiyyətimiz tərəfindən məhkəmə qərarlarının icrasına qarşı laqeydliyin olmasıdır. Belə ki, məhkəmənin təyin etdiyi cərimələr vətəndaşlar tərəfindən hətta 3-4 il ərzində ödənmir və onlar bunu ödəmək fikrində də deyillər, bir tərəfdən imkansızlıq, digər tərəfdən isə məsuliyyətsizlik hökm sürür. Özünüz də tanıdığınız icraçılardan maraqlanın görün cərimələrin ümumrespublika üzrə neçə faizi icra olunur. Demək olar cərimələrin 60-70 faizi icra olunmur.

Həqiqətən də dövlət orqanlarının tələblərinə, məhkəmə qərarlarına laqeyd yanaşma, məhkəmə qərarlarının cavabdehlər tərəfindən icra edilməməsi günümüzdə çox aktualdır. İstər aliment, kredit öhdəlikləri, istərsə də digər mülki mübahisələrlə bağlı məhkəmənin qəbul etdiyi qərarların icrasından on minlərlə yayınmalar var.

Bildiyiniz kimi məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Cinayət Məcəlləsinin 306-cı maddəsi üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Amma hələ də bir çox vətəndaşlar bu maddənin təsiri altına düşməkdən qorxmurlar. Bir çoxları alimentin, bəziləri borc öhdəliyinin, həmçinin digər mülki öhdəliklərinin icrasından boyun qaçırmağa davam edirlər.

Məlumat üçün qeyd edim ki, 2015-ci il 17 noyabr tarixində Rusiya Dövlət Duması yol hərəkəti qaydasının pozulmasına görə müəyyən olunan cəriməni və 10 min rubldan çox aliment borcunu ödəməyən şəxslərin sürücülük hüququndan məhrum olunmasını nəzərdə tutan qanun qəbul etdi. Bu qanun həmçinin sağlamlığa ziyana görə zərərin ödənməməsi, ailə başçısının ölümünə görə ziyanın ödənməməsi, cinayət nəticəsində vurulan ziyanın ödənməməsi və s. görə sürücülük hüquququn məhdudlaşdırılmasına da aid edilir. Bu əlbəttə bizlər üçün də gözəl nümunə ola bilər.

 Yeri gəlmişkən mən bir neçə il əvvəl belə bir təkliflə çıxış etmişdim ki, alimentin icrasından boyun qaçıran şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti ilə yanaşı onların sürücülük hüququ da məhdudlaşdırılsın. Biz Rusiyadan fərqli olaraq təkcə aliment öhdəliyini icra etməyənlərə qarşı yox, ümumiyyətlə belə bir maddənin tətbiq dairəsini genişləndirərək mülki öhdəliklərini yerinə yetirməyənlərə, təyin edilən cərimələri ödəməyənlərə  qarşı bənzəri tədbirlər həyata keçirə bilərik. Düşünürəm bu cür tədbirlər öhdəliklərin yerinə yetirilməsində əhəmiyyətli rol oynaya bilər.

Buna görə mən cərimələri sərtləşdirməklə yanaşı Cinayət və ya İnzibati Xətalar Məcəlləsinə yeni maddənin salınmasını təklif edərdim.

Fikrimcə cərimələri ödəməyənlərə qarşı ölkədən çıxmanın qadağan olunması, müxtəlif lisenziyanın geri alınması, sürücülük hüququnun məhdudlaşdırılması və s. kimi müddəaları nəzərdə tutan dəyişiklikləri ya Cinayət, ya da İnzibati Xətalar Məcəlləsində etməliyik ki, bu gün və gələcəkdə edəcəyiniz dəyişikliklər kağız üzərində qalmasın, icra olunsun”.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə