“Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır.
Modern.az xəbər verir ki, bunu deputat Çingiz Qənizadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib:
“Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək lazımdır. Əgər kiminsə 5 hektar torpağı varsa, o 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində filan çətinlik yaranacaq. Outlet deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”- deyə qeyd edib.
Vitse-spiker Valeh Ələsgərov bildirib ki, məhsul hardan gətirilməsindən asılı olmayaraq əgər Azərbaycanda istehsal olunursa ona bu qanun tətbiq olunmalıdır:
“Məhsul outletdən deyil, hardan gətirilirsə gətirilsin, Azərbaycanda istehsal olunan malın qiymətinə təsir edirsə, bu qanunun tətbiqi düzgündür. Azərbaycanda istehsal olunmayan bir şeyə bu necə tətbiq oluna bilər? Bu düzgün və beynəlxalq standartlara uyğun hazırlanmış qanun layihəsidir.
Spiker Oqtay Əsədov da deputata öz iradını bildirib:
“Siz ikinci deputatsınız ki, deyirsiniz prezident veto qoyur. Veto qoymaq Prezidentin səlahiyyətidir. Onun adından danışmağın düzgün deyil. Biri uzaqgörənlik edir və ya nəsə. Komitə Antidempinq , kompensasiya vəı mühafizəı tədbirləri haqqında” qanun layihəsini iki həftədir işləyir. İşə də qiymət vermək lazımdır. Səs vermirsən o sənin fikrindir”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması məqsədi daşıyır.
Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir.
Qanun layihəsində 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və mühafizə tədbirləri yer alıb.
Aytən Zəhra