Arzu Qazıyeva
Bu gün 9 may FAŞİZM üzərində qələbə günüdür. Bu gün bizim yox, bizim ağbirçək valideynlərimizin qələbə günüdür. Onların gününə hörmətlə yanaşmaq lazımdır. Bəzən biz tarixi keçmişlə mənasız müharibə aparırıq. Tənqid, nifrət təəssüf ki, cəmiyyətdə bir ənənəyə çevrilib. Amma keçmişə baxmadan, onu öyrənmədən irəliyə də getmək olmaz. Keçmişimiz necə olmasından asılı olmayaraq mövcuddur. Mən elə bir xalq tanımıram ki, tarixi keçmişinə bizim qədər etinasız və aqressiv yanaşsın.
Böyük Vətən müharibəsinə Azərbaycan 660000 əsgər göndərmişdi. Bu kiçik rəqəm deyildi. Onların əksəriyyəti qayıtmadı. Siyasi partiyalar arxivində çoxlu maraqlı sənədlər var. Həmin sənədlərdə böyük, eyni zamanda dəhşətli bir tarix yatır.
Müharibənin ilk dönəmlərində azərbaycanlıların kütləvi surətdə ölüm xəbəri gəlirdi. Amma onları faşistlər öldürməmişdilər. Onlar elə sovet batalyonlarında ölürdülər. Döyüş qaydalarını, döyüş əmrləri verilən rus dilini bilmədiklərinə görə. “Yat” deyəndə duran, “dön” deyəndə çömələn, “irəli” deyəndə yerində mıxlanıb qalan adamlarımızı elə öz tankları tırtıllarının altına alırdı. Azərbaycanlı əsgərlərin satqın, fərari, qorxaq siması formalaşırdı. Rus komandirləri azərbaycanlılara təhqiramiz şəkildə “yeldaşi” (yoldaş) deyirdilər. Bunu bilən Mircəfər Bağırov bizimkiləri kütləvi ölümün ağzından almaq üçün Moskvaya müraciət edərək, azərbaycanlıların cəsur, qorxmaz olduğunu açıq bildirmiş, bunu isbatlamaq üçün milli diviziyaların yaradılmasını təklif etmişdi. Əfsanəvi 416-cı Taqanroq, 23-cü Simferopol və b. Azərbaycan diviziyaları belə yaradıldı, bu diviziyalarda cəbhə dili ana dilində oldu.
Azərbaycanlıların kütləvi qırılmasının qarşısı bundan sonra alındı, döyüşmək bacarığı, qəhrəmanlıqları bundan sonra başladı. Bu diviziyalar Qafqazdan Berlinədək getdilər. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı aldı, 170000-i müxtəlif orden və medala layiq görüldü. Sovet dövründə adı, medalı yerlibazlığa, qohumluğa görə vermirdilər.
Qəhrəman İsrafil Məmmədovu, Aslan Vəzirovu, Ziya Bünyadovu, Gəray Əsədovu, Hüseynbala Əliyevi, Qafur Məmmədovu, Məlik Məhərrəmovu, generallar, Tofiq Ağahüseynovu, Mahmud Əbilovu, Akim Abbasovu, Tərlan Əliyarbəyovu, Hacıbala Zeynalovu kimsə tanıyır və ya xatırlaıyr? Nə üçün bu dövr barədə bir dənə də olsun bədii və ya sənədli film yoxdur?
9 may yaxınlaşanda ruslar, yəhudilər, polyaklar və başqaları özləri haqqında o qədər film nümayiş etdirirlər ki... Biz isə bir məna yükü daşımayan “Bizim Cəbiş müəllim”ə, “Tütək səsi”nə baxmaqdan bezmirik.
Mehdi Hüseynzadə, Həzi Aslanov... Sonra? Elə bu?...
Həqiqi müharibə filmləri bugünkü Qarabağ savaşımızda da haqq-ədalətin bizimlə olduğuna, qələbəmizə inama ruh verə bilərdi, Azərbaycan əsgərinin qəhrəmanlığını tərənnüm etməyə bir təbliğat ola bilərdi!