Modern.az

“İrəli” sədri: “Azərbaycan Avropaya yenə ilkləri göstərdi”

“İrəli” sədri: “Azərbaycan Avropaya yenə ilkləri göstərdi”

11 May 2016, 17:15

 

“Avropa Gənclər paytaxtı təcrübəsində yaşamadığı təcrübəni ən yüksək formada Gəncədə yaşadı”. Bu sözləri Modern.az-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.  

Onun sözlərinə görə, son dövrlər Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünya ölkələri arasında öz sözünü deyib:

“Ölkəmiz region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi edib. Beləliklə, Gəncə 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olacaq. Bu isə bir şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır”.

Azərbaycan gəncliyinə göstərilən iqqət və qayğını yüksək qiymətləndirən “İrəli” sədri belə gənclərin dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk etdiyini də vurğulayıb.

“Gənclərimiz yaradılan geniş imkanlardan səmərəli istifadə edərək, qüvvə və bacarıqlarını göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsində Azərbaycanın ilk "Gənclər Paytaxtı" olan və "Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsinin qalibi adını qazanan Gəncə şəhərinin təşəbbüskar və mübariz gəncləri bu gün nəinki şəhərimizdə, eləcə də respublikada, Avropa şəhərlərində xüsusi fəallıqları, yüksək intellekt və təfəkkürləri ilə fərqlənirlər. 

Qələbələr, zəfərlər gənclərin əzmkarlığını, qətiyyətini artıraraq, onları daha böyük səylə işləməyə sövq edir. Dövlət gənclər siyasətinin ən mühüm uğurlarından biri artıq mütəşəkkil, dinamik qüvvəyə çevrilən, Azərbaycan həqiqətlərini dünyada təbliğ edən yüksək intellektli, vətənpərvər gənclərin yetişməsidir. Xaricdə təhsil alan və fəaliyyət göstərən gənclərimiz yaşadıqları ölkələrdə Azərbaycanın mədəniyyətini, adət-ənənələrini, multikultural dəyərlərini geniş təbliğ edirlər”.

M. Seyidov onu qeyd edib ki, bu il  Azərbaycan gənclərinin həyatında əhəmiyyətli və yaddaqalan dövr olacaq:

“Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” ilə əlaqədar ölkəmizə gələcək avropalı qonaqlara qədim tarixi, zəngin mədəniyyəti, sarsılmaz tolerantlıq ənənələri ilə dünyada nümunə olan Azərbaycanın milli mənəvi dəyərlərini təqdim etmək baxımından gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti dərindən dərk edən Azərbaycan gəncləri onların inteqrasiyasına, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayan bu mötəbər tədbirə ciddi hazırlaşıb və əminəm ki, gələn qonaqlara mədəniyyətimizi yüksək səviyyədə təqdim edəcəklər”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə