Pərviz Aslanov: “Ən böyük arzum bir gün yenə Kəlbəcər dağlarına çıxıb ən yüksək zirvədən evimizi bütün evlərin içindən tapmaqdır”
Pərviz Rafiq oğlu Aslanov: 18 aprel 1981-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ilə qədər Kəlbəcər rayon 1 saylı orta məktəbdə təhsil alıb. Kəlbəcər rayonu işğal olunduqdan sonra orta təhsilini Gəncə şəhərində yerləşən Kəlbəcər rayonunun tabeliyində olan 9 saylı orta məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra uşaqlıq arzularının dalınca gedərək Azərbaycan Tibb Universitetinə daxil olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra 2006-2014-cü illərdə Respublika Klinik Xəstəxanasında LOR şöbəsində LOR cərrah kimi fəaliyyət göstərib. 2011-2013-cü illərdə Medical Plaza klinikasında LOR-estetik cərrah, 2013-2014-cü illərdə City Hospitalda Baş həkimin müavini işləyib. 2014-cü ildən LOR Hospitalda Baş həkim, eyni zamanda LOR-estetik cərrah kimi çalışır. İşlədiyi müddətdə Türkiyə, Almaniya, İtaliya, Amerika və digər ölkələrdə rinoplastika əməliyyatı ilə bağlı təcrübə keçib. Bu illər ərzində 30-dan çox kurs və konfranslarda məruzəçi və iştirakçı olaraq iştirak edib, elmi jurnallarda “ burun estetikası ”-na dair elmi məqalələri dərc olunub.
Həyatda yaşanılan çətinliklər, qarşıya çıxan maneələr insan xarakterindən asılı olaraq bəzilərini güclü, bəzilərini məğlub durumuna salır. İnsan xarekterinin formalaşmasında isə onun yaşadığı mühit, böyüdüyü ailə, ətrafında olan insanlar böyük rol oynayır.
Pərviz Aslanovun isə uşaqlıq illərində yaşadığı mühit bütünlüklə onun ruhuna hopub. Bəlkə də elə dözümlülüyü, mübarizliyi, yüksəkliyə doğru yorulmadan yürümək həvəsi elə Kəlbəcər havası ilə birlikdə Pərviz Aslanovun ruhuna höpub. Pərviz bəy ömrünün cəmi 12 ilini yaşadığı illəri belə xatırlayır:
Həyatda ilk məğlubiyyətim
- Hər bahar gələndə ürəyim dağa dönür. Yadıma Kəlbəcərdəki evimiz düşür, həyətimizdəki zoğal, ərik, tut ağacı sanki məni səsləyir. Axşamlar ailəlikcə tut ağacının altına yığışardıq. Atamın şirin söhbətləri, anamın bişirdiyi ləzzətli yeməklər süfrəmizin bəzəyi idi. Tut ağacı bizim ailəmizin xoş günlərinin şahidi idi.
Gözəllik vurğunu olduğum üçün təbiətdən hər zaman zövq almışam. Kəlbəcərimin hər daşı, torpağı mənə o qədər əsrarəngiz görünürdü ki, mənim üçün dünyada yurdumdan gözəl yer yox idi. Ən çox sevdiyim məşğuliyyət Kəlbəcər dağlarını qarış-qarış gəzmək idi. Bacardığım qədər ən yüksəyə qalxıb, sonra qalxdığım yerdən bütün Kəlbəcəri seyr edərdim. Mənə elə gəlirdi ki, bütün evlərin içindən öz evimizi harda olsa taparam. Amma nə biləydim ki, bir gün bütün bunlar acı xatirələr olub sinəmi yandıracaq.
Artıq gecələr güllə səsləri eşidilirdi. Əvvəllər bu səs məni qorxudurdu. Sonralar buna alışmağa başladım. Ölüm hər an bizi izləyirdi. Hər gün bir yaralı, hər gün bir ölüm xəbəri bütün rayonu yasa boğmuşdu. Hamı təlaş içində idi. Qonşular gündə bir xəbərlə gəlirdilər. Yuxularımız da ərşə çəkilmişdi. Yavaş-yavaş kəndlər boşalmağa başladı, hamı canını götürüb qaçırdı. 2 dəfə evimizi tərk etdik, amma bir az sakitlik olan kimi yenidən geri qayıdırdıq. Amma bir günü heç zaman unutmayacam: sonuncu dəfə evimizi tərk edəndə mənə elə gəldi ki, arxamdan kimsə məni çağırır, dönüb baxdım. Bu səs uşaqlığımın ən gözəl günlərinin şahidi olan tut ağacının acı fəryadı idi. Sanki o da hiss edibmiş bizi bir daha görməyəcəyini. 12 yaşlı bir uşaq hardan biləydi ki, bu səs onu bütün həyatı boyu səsləyəcək.
İçimdən bir hiss onuda kökündən qoparıb özünlə apar dedi. Ancaq mən hələ bu yükü daşıyacaq yaşda deyildim. Çox sonralar anladım ki, bu səs mən və mənim kimi yurdundan-yuvasından, bəzəkli beşiyindən qoparılmış körpələrin ah-nailəsidir. Bu mənim həyatda ilk məğlubiyətim idi.
Amma bu məglubiyyət, bu çətinlik Pərviz bəyi daha mübariz edib:
- Bu çətinlik həm məni məğlub etdi, həm də güclü. Məğlub oldum ona görə ki, yurd-yuvamdan didərgin düşdüm. Doğulduğum, böyüdüyüm, vətənim Kəlbəcərdən məcburi köçkün olduq. Evimizi qoyub çıxdıq hansı ki, o evdə mənim unudulmaz xatirələrim qaldı......
12 yaşımda qaçqınlıq həyatı yaşadım. Gəncədə məskunlaşdıq. Hansı qapını döyəcəyimizi də bilmirdik. Bu vəziyyət uşaq olsam da, məni çox utandırırdı. Ermənilər torpaqlarımızı işğal etməsəydi, bizim də evimiz, isti ocağımız olardı.
Kəlbəcərdəki evimizi burdakı evlərin heç birinə dəyişməzdim. Uşaq olsam da valideyinlərimin nələr çəkdiyini anlayırdım. Qapı-qapı gəzib kiməsə, sığınmaq kimi isə narahat etmək alnımıza yazılmış yazı idi.
Kənddəki geniş həyətimizi, evimizi bağ-bağçamızı yadıma salanda bu böyüklükdə şəhər mənə dar gəlirdi. Mənə təsəlli verən sadəcə Gəncədən görünən başı dumanlı, qarlı Murov dağı idi. Bir daha qoynunda gəzə bilmədiyimi düşünəndə həyatdan küsüb inciyirdim.
Ailənin yükü qaçqınlıq həyatı da atamı yaman sıxmışdı. Elə bil çiyinlərimdən ağır yük asılmışdı. Yaşım az olsa da ev-eşiyini qoyub gələn, min əziyyətlə 3 uşağı böyüdüb bir tərəfə çıxarmaq üçün özünü oda-közə vuran valideyinlərimin nələr çəkdiyini görürdüm. Bütün bunlar məni uşaq ikən tez böyütdü. Yataxanada kiçik bir otaqda məskunlaşanda çox sevinmişdim. Otağımız balaca olsa da, artıq bizim də “evimiz” var idi. Amma yataqxanada yerləşməyimiz güzəranımızı, qaçqınlıq həyatımızı heç də dəyişmədi. Dəyişə də bilməzdi. Atam mənə həmişə deyərdi ki, inşallah oxuyub “böyük adam” olarsan. O zamanlar “böyük adam” olmağın nə demək olduğunu bilmirdim. Ancaq onu bilirdim ki, “böyük adam” olmaq bizim böyük, dağ boyda dərdimizi bir az da olsa, azaldacaq və bizi ağ günə çıxardacaq. Ona görə o çətin qaçqınlıq həyatımın yeganə çıxış yolunu oxuyub təhsil almaqda görürdüm. Ona görə də nəyin bahasına olursa olsun gecə-gündüz həm oxuyub, həm də işləyirdim. Beləcə məktəbi bitirdim. Azərbaycan Tibb Universitetinə qəbul oldum. O gün ilk dəfə həm Murov dağını, həm də həyətimizdəki tut ağacını yuxuda gördüm.
Hər şey yenə keçmişdə olduğu kimi idi. Hamı süfrə başına yığılmış, deyib gülürdü. Yenə atamın şirin söhbətləri, yenə qaynayan somavar çayı, yenə 4 tərəfimizi bürüyən Murov dağı.
Yuxumu anama danışdım. Anam çox kövrəldi. Mənə dedi ki, səni qarşıda çox uğurlar gözləyir. Yuxuda gördüyüm Murov dağı sənin yüksəlişin anlamına gəlir.
Tələbə adını qazanan Pərviz təhsil almaq üçün Bakıya yollanır. Qarşıda onu yeni həyat gözləyirdi:
Köçkünlük həyatı məktəbdə uşaqların mənə pis, ögey münasibətini yaşatmışdı. Təkcə məktəbdə yox, hər yerdə qaçqınlığım hiss olunurdu. Elə bil hamı baxışları ilə məni “qaçqın-qaçqın”-, deyə çağırırdı. Hamı mənə torpaqlarını atıb gələn kimi baxırdı. Hətta üzümə belə bunu deməkdən çəkinmirdilər. Bu təzyiqlər İnstitutda oxuduğum zamanlarda da davam edirdi. Artıq tək-tək hər kəsə “qaçqın” olmadığımı, torpağımdan məcburən köçürüldüyümü izah etməkdən yorulmuşdum. Axı Bakı da, Gəncə də hər yer bizim torpaqlarımızdır, axı hamısı bütöv Azərbaycanımızdır.
ATU-da oxuduğum zamanlarda bu təzyiqlər sanki məni öz elmimə, sənətimə daha məsuliyyətlə, daha ciddi yanaşmağımı tələb edirdi. İçimdə illərlə topladığım ağrı-acını necə çıxaracağımı bilmirdim. Axı niyə biz öz Vətənimizdə qaçqın olmalıydıq? Axı biz başqa ölkəyə deyil öz Bakımıza pənah gətirmişdik.
Amma Tələbəlik həyatının çətinliklərini dəf etmək o qədər də asan deyildi.
Ailəyə daha artıq yük olmamaq üçün Pərviz də həm oxumalı, həm də işləməli idi:
- Beləcə həyatımda yeni bir səhfə açıldı. Tibb universitetində təhsil aldığım illərdə 4 saylı şəhər klinik xəstəxanasının burun-qulaq-boğaz şöbəsində gecə növbələrində orta tibb işçisi kimi çalışmağa başladım. 6 il ərzində gecə növbələrində ən ağır problemi olan qulaq-burun-boğaz xəstələri ilə təmasda olurdum. Bəlkə də bunun nəticəsidir ki, sonrakı illərdə ixtisas seçimində LOR ixtisasını seçdim və bu gün də Azərbaycanın ən böyük qulaq-burun-boğaz xəstəxanası olan LOR Hospital klinikasına rəhbərlik edirəm. Bu gün qazandığım uğurlarda həmin dövrün haqqı çoxdur. Həyat mənə o qədər zərbələr vurmuşdu ki, həkim dili ilə desək, gözlənilməz zərbələrə qarşı immunitetim artmışdı.
O vaxtdan 22-il keçib. Çox şey dəyişib Ali təhsil almışam. Sənətimi çox sevirəm. Məsuliyyətli bir işim var, pasientlərimin gözlərində minnətdarlığı görəndə özümü dünyanın ən xöşbəxt insanı hesab edirəm. Uşaqlıqdan çəkdiyim əziyyətlər mənə həyatda çox şeyi öyrətdi. Bu gün qazandığım hər bir uğur keçmişin çətinliyinin yaratdığı təməl üzərində inkişaf edib.
Həyatdakı ən böyük arzum bir gün yenə Kəlbəcər dağlarına çıxıb ən yüksək zirvədən evimizi bütün evlərin içindən tapmaqdır.
Pərviz Aslanov deyir ki, hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənclərdən aslıdır:
- Bu gün Azərbaycan gəncliyi çox inkişaf edib. Ancaq bu o demək deyil ki, qüsurlar yoxdur, hər bir cəmiyyətdə olduğu kimi bizimdə cəmiyyətimizdə bəzi problemlər var. Təəssüf hissi ilə demək lazımdır ki, bu gün bəzi insanlar, təcrübəsiz gənclərimizi elmdən, təhsildən ayırıb öz şəxsi maraqlarının qurbanına çevirirlər. Bu da inkişafda olan müstəqil dövlətimizin gələcəyi üçün böyük bir təhlükəlidir.
Tarixən hər bir xalq özünün gələcəyə olan ümidlərinin ilk növbədə gənc nəsilə bağlayır. Sağlam gəncliyin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Dünyanın istənilən ölkəsində gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai siyasi və mədəni həyatda fəal iştirak edir və ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Məhz buna görə də bir millətin milli dəyərləri, vətənpərvər ruhda tərbiyə olunması doğma dilimizi ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi qoruyub saxlamaq gənclərin üzərinə düşür.
Bu günkü gənclərə tövsiyəm odur ki, həyatın çətinliklərindən qorxmasınlar, elmə, təhsilə önəm verib daim üzərlərində işləsinlər. Həyat yolu heç bir zaman hamar deyildir. Ancaq zamanında atılmış düzgün addımlar gənclərimizin özünə ətrafına, ən əsası cəmiyyətimizə yararlı bir şəxs olmasına zəmin yaradır. Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və eyni zamanda dağıdıcı gücə malik olduğundan onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur.
Dövlətimizin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan gəncliyi inkişafdadır. Əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən vətəndaş kimi formalaşmasıdır. Bu mənada müasir Azərbaycan dövlətinin gələcəyi işıqlı və zəmanətlidir.
Sonda onu qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın arxasında vətənpərvər ruhda böyüyən və torpaqlarının uğrunda hər zaman canından keçməyə hazır olan bizim kimi gənclər ordusu var.
Xalid VAHİDOĞLU