2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlər zamanı ağır yaralanaraq, TİKA-nın dəstəyi ilə Türkiyədə müalicə alıb Azərbaycana qayıtmış Elvin Əsgərov çətin vəziyyətdədir. Problemlərilə bağlı Modern.az saytına danışan Elvin hazırda işsiz olduğunu deyib:
“Döyüşdə aldığım güllə yarasının fəsadları hələ də sağalmayıb. Güllə qarın boşluğumdan girib 7 orqanımı zədələyib çıxdıqdan sonra qoluma girmişdi. Vəziyyətim ağır idi. Sağ olsun dövlətimizin dəstəyilə normala dönə bildim. Amma indiki vəziyyətim də yaxşı deyil.
İşləmirəm, maddi durumum çox çətindir. Ailəliyəm, yeni körpəmiz dünyaya gəlib. Atam təsərrüfatla məşğul olur, bizə də baxır. Heç olmasa özümə aid bir işim olsaydı, başqalarına möhtac olmazdım. Dövlətimiz sağ olsun, müəyyən olunan pensiyanı alıram, Prezident təqaüdçüsüyəm. Amma inanın o maaş vəsait mənim dərmanlarıma da bəs etmir, çətinliyimiz çoxdur.
Mən tam sağalmamışam, müalicələrim davam edir. Hər bir orqan üçün ayrıca müalicələr alıram. Ağ ciyərlərim və digər iç orqanlarım normal işləmir. Azca ağır iş görəndə nəfəs almaqda çətinlik çəkirəm. Asan deyil, bu problemlərlə insanları narahat etmək istəmirəm, amma mənə də çətindir”.
Hazırda avtomobil və ev növbəsində olduğunu deyən Qarabağ qazisinin istədiyi ehtiyaclarını ödəyə biləcəyi işlə timin olunmaqdır:
“Bircə istədiyim işdir. Mənə uyğun bir iş istəyirəm. Hazırda Əlillər Məktəbində oxuyuram, kompüter kursu keçirik. Sağ olsun, dövlətimiz orda qalmağa yerimiz,, yeməklə təminatımız var. Hazırda ata olduğuma görə kəndə gəlmişəm”.
E.Əsgərov heç kimdən narzılığı olmadığını dilə gətirib:
“Hər hansı narazılığım yoxdur. Sadəcə, təsərrüfatla məşğul olmaq üçün texnika istədim. Adi vətəndaşa 20 faiz güzəşt edirlər, mənə də həmin güzəştin ediləcəyini bildirdilər. Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümovla da görüşdüm. Hətta ondan da xahiş etdim texnika ilə bağlı köməklik etsin. Hətta Səlim müəllim mənim təsərrüfatla məşğul olmaq istəyimi dəstəklədi. Amma nədənsə hələ də xəbər yoxdur. Artıq həmin görüşdən 5-6 ay keçir. Bir daha deyirəm, tək istədiyim səhhətimin də imkan verdiyi bir işlə təmin olunub, ailəmi dolandırmaqdır”.
2014-cü ilin iyul ayının sonunda düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən Azərbaycan Ordusunun 9 əsgəri şəhid olub. Yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə o zaman Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə müalicə üçün Türkiyəyə aparılmışdı.
Döyüşlərdə hər iki ayağını itirən və ağır həyat şərtlərindən şikayətlənən Sərxan Tahirzadə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda olub və onun göstərişindən sonra qurumda işlə təmin edilib.
Gülşən RAUFQIZI