Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo və qurumun enerji məsələləri üzrə rəhbəri Günter Ottingerin Azərbaycana səfəri başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının sədrini Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün Avropa Komissiyası rəhbərinin prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub. Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün spektrləri, o cümlədən energetika məsələləri müzakirə olunacaq. O cümlədən tərəflərin “Cənub” dəhlizinin yaradılması barədə və “Müasirləşmə naminə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığı” adlı birgə bəyannamələr imzalayacağı gözlənilir.
Joze Manuel Barrozo sabah baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Bakı Dövlət Universitetində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.