Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Sədri Xose Manuel Barrozunun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıblar.
“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”nu, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar.