“Hər bir şəxs bizim saytda özünün sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə şəxsi hesabında toplanmış vəsait və onun hansı mənbələrdən daxil olması barədə məlumatlar əldə edəcək”
“Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının iqtisadi və sosial həyatında baş verən dəyişiklərin hər birimiz şahidiyik. Son yeddi ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmışdır. Qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılmış və nəticədə Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Həyata keçirilən islahatlarla ilk növbədə Azərbaycanda mövcud olan və keçmiş sovet dövründən qalan pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun və bu uyğunsuzluğun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına tam nail olunmuşdur”.
Modern.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib. Fondun ictimaiyyətlə əalqələr sektorundan verilən məlumata görə, DSMF sədri S.Müslümova "Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu"nun fəxri üzvü seçilməsiylə bağlı sertifikat təqdim olunub.
Görüş iştitakçılarının suallarını cavablandıran S.Müslümov deyib ki, hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. İslahat tədbirləri çərçivəsində 2004-cü ildən etibarən fərdi uçot sisteminin yaradılması üçün əvvəlcə pilot, sonra isə respublikanın bütün ərazilərində layihələrin icrasına başlanıb. Fərdi uçotun və informasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri 2005-ci ildə başa çatdırılıb, bununla da ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlanıb.
DSMF sədri görüş iştirakçılarının nəzərinə çatdırıb ki, sosial sığorta və pensiya təminatı sahəsində fərdi uçota əsaslanan yığım sisteminə keçidin sürətləndirilməsi və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması üçün qanunvericiliyin 2006-cı ildən tətbiqinə başlanıb, pensiya təminatı sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini təşkil edən dövlət sosial müavinətləri və sığorta-pensiya sistemlərinin bir-birindən ayrılması təmin olunub. Bununla da ölkədə pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapıb:
“Azərbaycanda üçpilləli pensiya sistemi qəbul olunmuşdur ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş pensiyaçıların sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Bu sistemə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə pensiyaya çıxmış insanların da əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyasıdır. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 4 sərəncam verilmişdir: “Məsələn, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Artım prosesində pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 116 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olmuşdur”.
S.Müslümov vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulub. Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan "mərkəzi server"də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Bu məqsədlə fondun 70-dən artıq yerli şöbəsinin yeni inzibati binası istifadəyə verilmiş, hər bir binada müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub.
Dünya Bankının vəsaiti hesabına ən müasir 1600 dəst kompüter avadanlığı alınaraq sistemdəki kompüterlərin sayı 2280-ə çatdırılıb və beləliklə, 1 işçiyə 1 kompüter prinsipi ilə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb. Bugünədək 1 800 min nəfərdən artıq vətəndaşa fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanıb.
Slaydlar vasitəsiylə görüş iştirakçılarına DSMF-nin yerli orqanlarının əvvəlki və indiki iş şəraiti nümayiş etdirilib. Bildirilib ki, Fondun yerli şöbələri üçün müasir, avtomatlaşdırılmış iş şəraitinə malik binalar tikilib. Bundan əlavə, Fondun rayon və şəhər şöbələrində iş proseslərinin sadələşdirilməsi və keyfiyyətinin artırılması məqsədiylə hər şöbə üçün müxtəlif növ informasiya texnologiyaları avadanlıqları (kompyuter, server, surətçıxaran, printer), elektrik generatorları və stabilizatorlar alınıb. Eləcə də DSMF-də insan resursları ilə bağlı araşdırmanın aparılması və kadr potensialının gücləndirilməsi işi həyata keçirilib.
DSMF sədri bildirib ki, pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünun hesablayaraq dəqiqləşdirməsinə imkan verilir. Nəticədə maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır. “Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır: “Bildiyiniz kimi, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" na uyğun aparılır. Dövlət Proqramına əsasən, Azərbaycanda pensiya təyinatının tam avtomatlaşdırılması 2013 - 2015-ci illərdə başa çatdırılmalıdır. Biz çalışırıq bunu daha erkən, yəni 2013-ci ilə qədər yekunlaşdıraq. Bu isə məlumatların tam şəkildə toplanıb, məlumat bazasına yerləşdirməmizdən asılıdır”. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır”.
S.Müslümov qeyd edib ki, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. Hazırda Azərbaycanda ödəniş aparılan pensiyaçılar üzrə 1 milyon 125 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98,8 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
S.Müslümov DSMF-nin saytı barədə də görüş iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 111 nömrəli 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin əhatə dairəsinin, eləcə də görülən işlərə ictimai marağın daha da artması ilə əlaqədar olaraq 2010-cu ildə Fondun saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. Fondun yeni saytı azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər quruluş, istərsə də məzmun baxımından tam müasir tələblərə uyğun qurulmuşdur. DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə Fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Fondun fəaliyyətini əks etdirən bütün məlumatlar (DSMF-nin gəlir və xərcləri barədə operativ məlumat, DSMF-də uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği barədə məlumat, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı barədə ümumi məlumat, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və.s) saytda yerləşdirilib: “Saytda göstərilən ən mühüm xidmətlərdən biri də müştəri xidmətləri sistemidir (pensiya kalkulyatoru). Həmin kalkulyatora müraciət edən istənilən şəxs öz pensiyasını hesablaya bilər. Artıq yerli şöbələrdə pensiya təyinatı üzrə mütəxəssislərdən bu məlumatı almağa ehtiyac qalmayacaq. Bu, çox vacib məsələlərdən biridir”.
DSMF sədri bildirib ki, hazırda fərdi şəxsi hesablardakı vəsaitlər barədə məlumatların sayta yerləşdirilməsi məsələləri geniş müzakirə olunur: “Burada çox vacib, yəni təhlükəsizliklə bağlı məsələlər var. Bilirsiniz ki, bu gün informasiya sistemində təhlükəsizlik məsələləri son dərəcə vacib rol oynamağa başlayıb. İndi biz bununla bağlı ölkəmizdə həmin sahə üzrə ixtisaslaşmış şirkətlərlə məsləhətləşmələr aparırıq. Amma hesab edirəm ki, bütün hallarda biz bunu etməliyik, çünki hər bir şəxs bizim saytda özünün sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə şəxsi hesabında toplanmış vəsait və onun hansı mənbələrdən daxil olması barədə məlumatlar əldə edə bilməlidir”.
S.Müslümov vurğulayıb ki, əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin 2010-cu ildə də müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilib. 2010-cu il 3-5 mart tarixlərində Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda DSMF "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) fəxri fərmanı ilə təltif edilib. 2010-cu ilin 29 noyabr-04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda BSTA-nın MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması qərara alınıb. Cari ilin dekabr ayında isə BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlayıb. Azərbaycanın pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Hazırda Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilir:
“Bütün bunlar onu göstərir ki, biz bu sahədə islahatlarımızı düzgün istiqamətdə aparırıq, əldə etdiyimiz göstəricilər də bunu sübuta yetirir".