23 ilk hakimiyyətdə qalmış Tunis prezidenti Ben Əli etirazlar dalğasına tab gətirməyib ölkədən qaçmalı olub. O ailəsilə birlikdə Tunisi tərk edib. Fransa onun təyyarəsinə ölkəsinə enmək icazəsi verməyib. Sardiniya adasında yanacaq götürəndən sonra təyyarə Səudiyyə Ərəbistanına enib. (BBC)
Səudiyyə kral sarayından alınan bəyanatda deyilir: "Qardaş Tunis xalqı qarşısında duran müstəsna şəraitdən yaranmış narahatlıq səbəbindən və həmin ölkənin təhlükəsizlik və sabitliyinə dəstək vermək üçün Səudiyyə hökuməti prezident Zeynalabdin Ben Əli və onun ailəsini krallıqda salamlayır" .
Ben Əli Tunis müstəqillik qazanandan bəri ölkənin ikinci prezidenti idi. 2009-cu ildə o az qala 90 faiz səslə prezident seçkilərində qalib gəlmişdi.
Tunis paytaxtının mərkəzində təhlükəsizilik rejimi gücləndirilib. Bir gün əvvəl prezident Zeynalabdin Ben Əli hakimiyyəti tərk edəndən sonra Məhəmməd Cannuçi müvəqqəti hökumət başçısı olub.
İndi yüzlərlə əsgər paytaxtın mərkəzində keşik çəkir. Fövqəladə vəziyyət elan edilib. Məhəmməd Cannuçi deyib ki, birlik hökuməti yaratmaq üçün müxalif qruplarla danışıqlar aparacaq.
Tunisin beynəlxalq hava limanı bağlıdır və minlərlə xarici turist ölkəni tərk edə bilmir.