Yanvarın 15-də İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib. Modern.az-ın məlumatına görə, müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqlar müzakirə olunub.
Müşavirədə 2011-ci ildə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, kiçik və orta sahibkarlığın inkişafına diqqətin daha da artırılması, yeni bazarlara ixracın artırılması, infrastruktur layihələrinin davam etdirilməsi, 2011-ci ilin "Turizm ili" elan olunması və bu sahənin inkişafı ilə bağlı işlərin sürətləndirilməsi və s. istiqamətlərdə Nazirlik tərəfindən görüləcək işlər müzakirə olunub.
İqtisadi inkişaf naziri Şahin Mustafayev müşavirəyə yekun vuraraq qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.
Müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışlarından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
Modern.az