Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasselin Azərbaycana buraxılmaması ilə bağlı bəyanatına münasibətini açıqlayıb. XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Modern.az-a bildirib ki, məruzəçi Kristofer Ştrasselin Azərbaycana buraxılmaması barədə ona heç nə məlum deyil və bu barədə eşitməyib.
“Əgər Ştrassel Bakıya gəlmək istəyirsə, Xarici İşlər Nazirliyinə və ya Azərbaycanın Almaniyadakı səfirliyinə yazılı müraciət etməlidir. Onun hazırda səsləndirdiyi bəyanat yarımçıq və çiy görünür. Digər tərəfdən viza probleminin həlli vaxt tələb edir. Elə müraciət edən kimi yarım saata viza verilmir ki? Araşdırılır və sonra ya viza verilir ya da imtina olunur”.
E.Poluxov bildirib ki, Ştrassel rəsmi mövqe bildirməzdən əvvəl XİN-ə müraciət edə bilərdi.
Qeyd edək ki, siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrassel “Azadlıq” radiosuna müsahibəsində deyib ki, fevralda səfər etməklə bağlı növbəti müraciət göndərsə də, təklifinə cavab almayıb.
AŞPA məruzəçisi qeyd edib ki, ona viza verilmir və buna rəsmi səbəb göstərmirlər. “Heç bir rəsmi səbəb göstərmirlər, rəsmi izah verilmir. Bir dəfə də viza üçün müraciət edəcəyəm. Yenə imtina eləsələr, hesabatımı ölkəyə səfər etmədən hazırlayacağam”-deyə Ştrassel vurğulayıb.
Modern.az