Modern.az

Azərbaycan alimlərinin uğuru

Azərbaycan alimlərinin uğuru

21 Yanvar 2011, 14:32


Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə Fransanın CNRS-İRDEP(Centre national de la recherche scientifique - Institute of Research and Development of Photovoltaic Energy) Elmi Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb.

Memorandumu Azərbaycan Milli Elmlər Akademiyası akademik H.M.Abdullayev adına Fizika institutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, Nazim Məmmədov və CNRS-İRDEP Elmi Araşdırmalar Mərkəzinin direktor müavini, doktor Jean-Fraçois Guillemoles imzalayıb.

Fizika İnstitutunun mətbuat katibi Yusiv Alıyev Modern.az-a bildirib ki,  Azərbaycan elmi üçün yüksək əhəmiyyətə malik olan bu Memorandum 6 bənddən ibarətdir. Bəndlərin hər birində qarşılıqlı elmi əlaqələrin aparılması və kadr hazırlığına xüsusi önəm verilir.

“Məlumat üçün bildirək ki, bu mərkəz dünyada Günəş elementlərinin tədqiqi və hazırlanması sahəsində yüksək potensiala malikdir. Fizika İnstutunun bir qrup alimi son illər bu mərkəzlə müntəzəm elmi əlaqədə olaraq, nəticədə bu mərkəzin diqqətini ölkəmizə yönəldə biliblər. Azərbaycanlı alimlərin nazik təbəqəli Günəş elementləri sahəsində dərin və əhatəli tədqiqat aparmaq qabiliyyəti və elmi potensialı bu institutlar arasında  birgə əməkdaşlığı zəruri edib”.

Memorandumun müddəalarında ikiqat və üçqat halkogenid birləşmələri əsaslı Günəş elementləri üçün nanostrukturlu pəncərə laylarının, həmçinin Günəş elementlərinin müdafiəsi üçün almazabənzər örtüklərin hazırlanması və xarakteristikalarının müəyyən edilməsi öz əksini tapıb.

“Xüsusilə bu, Azərbaycan MEA Fizika institutunda hazırlanmış yüksək keyfiyyətli uyğun monokristalların spintronik və fotovoltaik xassələri arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsi üçün dəyərli olacaq. Belə ki, CNRS-İRDEP Elmi Araşdırmalar Mərkəzində  alınan nazik təbəqələrlə Fizika institutunda alınan monokristalların müqayisəsi çox əhəmiyyətlidir.

Həmçinin bu Memorandum yuxarıda qeyd olunan tədqiqatlar və məlumatların mübadiləsindən başqa, tələbə və gənc tədqiqatçıların qarşılıqlı mübadiləsinə gətirəcək və bu da hər  iki təşkilatın xeyrinə olacaq.

Gələcəkdə Azərbaycanda yüksək effektivli nazik təbəqəli Günəş batareyalarının yaradılması və istehsalı  baxımından bu Memorandum xüsusi əhəmiyyətə malıkdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir