Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar vermişdi. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranıb.
Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə yaxından tanış olan dövlət başçısı gəmi təmiri zavodunun sökülən hissəsində işlərin gedişi ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.