Gəncədə çoxdan gözlənilən şəhərdaxili ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsinə başlanılır. Artıq bir neçə gündür ki, Gəncəyə 22 yerlik olsa da 43 sərnişin tutumuna malik “İsuzu” markalı 25 yeni avtobus gətirilib. Modern.az-ın məlumatına görə, avtobuslar fevralın 1-dən xəttə buraxılaraq sərnişinlərin rahatlığına və mənzil başına çatmasına xidmət edəcək.
Yeni avtobuslar 4 nömrəli marşrut üzrə hərəkət edən PAZ-ları, xətdən çıxarılan avtobuslar isə 2 nömrəli marşrut üzə hərəkət edən LAZ-ları əvəzləyəcək.
“Azəravtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə yaxın vaxtlarda Gəncəyə gətirilən “İsuzu” markalı avtobusların sayının artırılması da nəzərdə tutulur. Qeyd edək ki, hazırda Gəncə şəhərində 70 PAZ və 48 LAZ markalı avtobuslar sərnişindaşımada istifadə edilir.
Xaliq Qurbanov
Gəncə