Bayramları xüsusi təmtəraqla qarşılayan Gəncə şəhəri hər il özünəməxsusluğu ilə yadda qalır. Modern.az-ın məlumatına görə, hər il Novruz bayramında Gəncədə iri həcmli paxlava bişirilir və şəhərin baş meydanında təqdim edilir. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın bildirdiyinə görə, Gəncə ənənəni bu il də davam etdirəcək. Bu il bişiriləcək paxlavanın həm çəkisi, həm də uzunluğu ötən ildəkindən artıq olacaq.
İdarə rəisi dünyanın ən böyük paxlavası adını alacaq milli şirniyyatın bir hissəsinin də Novruz bayramı ərəfəsində Bakıda nümayiş etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, ötən il mart ayının 19-da Gəncənin Mərkəzi Meydanında hazırlanan və ölçüsünə görə analoqu olmayan paxlavanın uzunluğu 12, eni isə 3,4 metr idi. Romb formasında hazırlanan şirniyyatın hazırlanmasına təxminən 7000 ədəd yumurta, 350 kq şəkər, 350 kq un, 320-325 kq qoz və fındıq ləpəsi, 25 kq fıstıq, 20 kq badam, 10 kq bal, 5kq hil sərf olunub. Paxlavanın hazırlanması ötən il martın 8-də başlanılıb və martın 19-da o hazır olub. Paxlava 8400 xırda hissələrə bölünərək qonaqlara paylanılıb. Bildirək ki, paxlava hər il Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi əsasında hazırlanır. Bu il də ənənə davam etdiriləcək.
Xaliq Qurbanov
Gəncə