Əmlak Məsələləri Dövlət Komitəsinin işçiləri üçün təlimlər keçiriləcək. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, artıq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmri ilə təlim seminarlarının keçirilməsinə dair 2011-ci il üçün plan-qrafik təsdiq edilib.
Məlumata görə, təlim seminarlarının keçirilməsinin əsas məqsədi vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin təmin edilməsi və insan hüquqlarının qorunması üçün həyata keçirilən tədbirlərin daha da gücləndirilməsidir. Təlim seminarlarının əsas mahiyyəti komitə işçilərinin ixtisas səviyyəsinin və peşəkarlığının artırılması, qarşıya qoyulmuş vəzifələrin icrası prosesində səmərəliliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı işçilər arasında qanunvericiliyin izahı və maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Müxtəlif mövzulara aid olan təlim seminarlarını bir neçə istiqamətdə komitənin məsul işçiləri keçirəcək. Seminarlarda müasir informasiya kommunikasiya texnologiyaları və sistemləri tətbiq edilməklə müxtəlif mövzularda prezentasiyalar təqdim ediləcək. Təqdim ediləcək prezentasiyalar konkret mövzulara aid normativ-hüquqi baza haqqında zəruri məlumat və izahat, sənədlərin (təlimatların), praktiki məsələlərin və faktların şərhi, sənədlərin və forma nümunələrinin doldurulması, tərtibi və təqdim edilməsi qaydalarını əks etdirəcək.
Təlim seminarları icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkili, komitənin fəaliyyət istiqamətləri üzrə vəzifə və funksiyaların həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə məsələlərini əhatə edəcək.
Bundan əlavə, təlim seminarları çərçivəsində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin aparılmasının qanunvericiliklə tənzimlənməsi məsələlərinə də toxunulacaqdır.
Təlim seminarlarının sonunda Əmlak Məsələləri Dövlət Komitəsinin işçilərinin peşəkarlıq bacarıqları və bilikləri qiymətləndiriləcək.
Modern.az