Modern.az

Kəmaləddin Heydərov tikinti şirkətlərinə xəbərdarlıq etdi

Kəmaləddin Heydərov tikinti şirkətlərinə xəbərdarlıq etdi

10 Fevral 2011, 19:15

Fevralın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) tikinti sektorunun nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə dövlət və özəl tikinti şirkətlərinin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələri, FHN-nin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslər iştirak ediblər. Görüşdə Fövqəladə Hallar Nazirliyi ilə tikinti şirkətləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, tikinti sektorunda qanunvericiliyin tələblərinə əməl olunması və perspektiv məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik templə inkişaf etdiyini qeyd edib. Nazir təəssüflə deyib ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib.
Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub.
Nazirin sözlərinə görə, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlandı və bu istiqamətdə ciddi addımlar atıldı.
"Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Prezident İlham Əliyevin məlum fərmanına əsasən tikinti sahəsində dövlət nəzarətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin, hüquqi bazanın yaradılması istiqamətində də ciddi işlər görüldü, müəyyən normativ aktlar qəbul edildi.
"Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin layihəsi üzərində iş gedir və layihənin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur".   

İclasa yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti təşkilatlarını və firmalarını respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırıb. Nazir, eyni zamanda, xəbərdar edib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin, materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat