Fevralın 11-də Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Banklar Asossiasiyasının və Azərbaycan Sahibkarlar Konfederasiyasının, bank sektorunun və biznes icmasının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.
Modern.az-ın məlumatına görə, Elman Rüstəmov bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi müasirləşmə və inkişaf strategiyası nəticəsində milli iqtisadiyyatın sıçrayışlı yüksəlişinə nail olunub. Son 7 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, nəticədə ölkənin sosial-iqtisadi və mədəni siması dəyişib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, regionlarda iqtisadi çiçəkləmə və intibah baş verib.
Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycan 183 dövlət arasında milli gəlirin səviyyəsinə görə 35 pillə irəliləyərək 81-ci yerə qalxıb. Kasıblıq səviyyəsi 40%-dən 9%-ə düşüb. Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətlilik İndeksində ölkə 2005-ci illə müqayisədə 12 pillə irəliləyərək 139 dövlət arasında 57-ci sıraya yüksəlib. Azərbaycan keçid dövrünü uğurla qət edərək dinamik inkişaf edən bazar iqtisadiyyatına malik dövlət kimi bütün dünyada tanınıb. Makroiqtisadi dayanıqlıq göstəricisinə görə ölkə Beynəlxalq Rəqabətlilik Hesabatında 13-cü yer tutur.
Sədr Bank sektorunun əsas göstəriciləri son on ildə 15 dəfə artdığını bildirib. Cəmiyyətin böyük bir hissəsi, yəni 4 milyona yaxın insan bank-maliyyə xidmətləri ilə əhatə olunub.
E.Rüstəmov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə əlaqədar ciddi göstərişlər verilib və yeni strateji təşəbbüslər irəli sürülüb.
E.Rustəmov bank sektoru tərəfindən xidmətlər daha müasir texnologiyalar əsasında həyata keçirilməli, avtomatlaşdırma səviyyəsi artırılmalı, müştərilərlə fiziki təmas minimallaşmalıdı.
Tədbirin sonunda, Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə birlikdə müzakirə edilən məsələlər üzrə müvafiq işçi qrupların yaradılması qərara alındı, qeyd edildi ki, müzakirədə qaldırılan aktual məsələlər daha dərindən birgə araşdırılacaq və tədbirlər planı hazırlanaraq reallaşdırılacaq.
Modern.az