İsrailin hakimiyyət orqanları ölkə vətəndaşlarına müraciət edərək Azərbaycan da daxil olmaqla 9 xarici ölkəyə səfərdən çəkinməyə çağırıb. Modern.az-ın məlumatına görə, BBC-nin yaydığı xəbərdə bildirlib ki, İsrailin Antitterror Bürosu bunu artan terror təhlükəsi ilə izah edib.
Bu, son günlər terror təhlükəsinə dair Azərbaycanın adının hallandığı ilk hal deyil. Bir qədər öncə Amerika və Britaniya hökümətləri də Azərbaycandakı vətəndaşlarını sayıq və diqqətlı olmağa çağırmışdı.
Bildirildiyinə görə, İsrailin Antiterror Bürosu ölkə vətəndaşlarına müvəqqəti olaraq Azərbaycan və daha 8 ölkəyə səfər etməkdən çəkinməyi tövsiyyə edib.
İddia olunur ki, bu xəbərdarlıq terror təhlükəsi səviyyəsinin artması ilə bağlıdır. Qeyd olunur ki, bu çağırış bir "Hizbullah" rəsmisinin qətlinin ildönümü ilə əlaqədardır. Çoxları iddia edir ki, bu qətlin arxasında İsrail dayanır və indi buna görə qisas alına bilər.
BBC-nin məlumatına görə, xarici səfirliklər bu barədə şərh verməyərək yalnız yayılmış xəbərdarlığa istinad etməyə tövsiyyə edirlər. Buna rəğmən bütün bu bəyanatlar Bakıda birmənalı qarşılanmır.
Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramov İsrailin hakimiyyətinin terror təhlükəsini şişirtdiyi qənaətindədir. “Burada yəhudilərə bir təhlükə yoxdur və İsrailin bu xəbərdarlığı Amerika və Britaniyanın oxşar məzmunlu bəyanatları ilə bağlıdır”.
Lakin yayılan terror xəbərdarlıqlarının əsassız olmadığını hesab edənlər də var. Millət vəkili İqbal Ağazadə deyir ki, Qafqaz və Yaxın Şərq kimi qəliz bir regionda “heç kəs terrordan sığortalanmayıb. Güman edirəm ki, bütün bunlar son zamanlar Bakı-Tehran münasibətlərindəki gərginlikdən qaynaqlanır”.
Modern.az