Modern.az

İlqarə özü və “Eurovision-2011”in Milli Finalının qalibləri barədə danışdı

İlqarə özü və “Eurovision-2011”in Milli Finalının qalibləri barədə danışdı

13 Fevral 2011, 18:45

“Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən Milli Finalın iştirakçısı İlqarə İbrahimova qalib gəlməməyindən üzülmədiyini deyib. ”Mən “Eurovision” üçün hazırlaşdım. Əziyyət çəkdim, alınmadı, olmadı. Bu o demək deyil ki, kimsə mənə təsəlli verməlidir. Mən bunu özüm üçün edirdim, Azərbaycanı təmsil etmək üçün edirdim”-deyə xalq artisti Aygün Kazımovanın qızı bildirib. Modern.az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində onu dəstəkləyənlərin hər birinə təşəkkür edən İlqarə “Eurovision-2011”də Azərbaycanı təmsil edəcək Nigar Camala və Eldar Qasımova da uğurlar arzulayıb: ”Nigara və Eldara uğurlar olsun. Hələ son deyil, həyat davam edir. Məni dəstəkləyən bütün insanlara təşəkkür edirəm”. Müsabiqənin digər finalçısı Aynişan Quliyeva da “Facebook”da müsabiqə haqda fikirlərini bildirib: “Mən heç üzülmədim. Bunu orda olan insanlar da gördü. Beşlik seçiləndə artıq hər şey məlum idi. Bir şey üzdü ki, mənim çıxışlarım zamanı ya Bakının küçələrini, ya da zalı çəkirdilər, ya da səhnənin işıqlarını söndürürdülər. Onda niyə mən səhərə kimi performanslar hazırlayırdım? Amma bir şeyə görə çox sevindim ki, bir daha sübut olundu ki, mən çox güclü rəqib olmuşam. 99 % çıxışlarımın göstərilməməsi buna sübut idi”. Aynişan qeyd edib ki, bir daha “Eurovision” seçimində iştirak etməyəcək.

Finalın digər iştirakçısı İlhamə Qasımova da “Facebook”da fikirlərini bildirib: “Əziz dostlar vallah, billah ümidsizliyə qapılmamışam... İnanın ki, mən əksinə, rahatlandım ki, nəhayət bitdi. İndi ürəyim istəyən işlərlə məşğul olacam...”. İlhamə Qasımova finalın təşkilatçılarının bostanına da daş atmağı unutmayıb: “Mən çoox xəstə olduğun üçün heç yaxşı oxuya bilmirdim, cünki səsim dəhşət batmışdı, amma mənim üçün bunun əhəmiyyəti yox idi. Çünki mən heç nə sübut etməməliydim. Bu sadəcə konsert olmalı idi”. Xatırladaq ki, fevralın 11-də keçirilən milli finalda 5 ifaçıdan ikisi - Nigar Camal və Eldar Qasımov qalib elan olunub. Amma hamının zəif iştirakçı saydığı Nigar Camalın qalib elan olunması birmənalı qarşılanmayıb və bu, müxtəlif söz-söhbətə səbəb olub. Hələ konsertdən öncə N.Camalın qalib olunacağı söylənilirdi və bu barədə deyilənlər doğruldu. Sədaqət Süleymanova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat