Modern.az

Ərdoğan açılış lentini Sabir Rüstəmxanlı ilə birgə kəsib

Ərdoğan açılış lentini Sabir Rüstəmxanlı ilə birgə kəsib

14 Fevral 2011, 15:15

Türkiyədə səfərdə olan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qardaş ölkənin məşhur alimi, «Türk ədəbiyyatı tarixi»nin və «Türk ədəbiyyatı dərgisi»nin yaradıcısı, «Tərcüman» qəzetinin illər uzunu köşə yazarı olmuş Əhməd Kabaklının ölümünün 10 illiyinə həsr olunmuş mərasimə qatılıb.

Sabir Rüstəmxanlının İstambuldan verdiyi bilgiyə görə, Ə.Kabaklının sağlığında yaratdığı «Türk ədəbiyyatı vəqfi»nin dövlətin dəstəyi ilə yenidən bərpa olunan binasının açılışında Azərbaycanı təmsil edib: «Ə.Kabaklının xatirəsinə və vəqfin binasının açılışına həsr olunan toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, tanınmış elm və sənət adamları qatılmışdı. Törəndə Sərvət Kabaklı,  Ərdoğan və digər tanınmış şəxslər çıxış etdilər».

Çıxışlardan sonra Vəqfin binasının açılış lentini Baş nazir R.T.Ərdoğan, Türkiyənin Kültür və Turizm naziri Ərtoğrul Gunay və Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı birlikdə kəsiblər: «Türk ədəbiyyatı vəqfiylə bərabər yüksək zövqlə yaradılmış «Ədəbiyyat qiraətxanası»nın da açılışı oldu. Bu qiraətxanada Türkiyənin məşhur yazarlarının adına otaqlar var və vaxtilə Əhməd Kabaklının illər uzunu topladığı kitablar zənginləşdirilib, oxucuların ixtiyarına verildi».

Tədbirin davamı kimi Türkiyənin ən böyük mədəniyyət mərkəzlərindən olan Camal Rəşid sarayında Əhməd Kabaklıya həsr olunmuş simpozium da keçirilib. Simpoziumda Sabir Rüstəmxanlı, Türkiyənin ünlü şairi Yavuz Bülənd Bakilər, Əli Coşqun çıxış ediblər.

Qeyd edək ki, bu gün Türkiyə mediası bu törənə geniş yer ayırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat