Ötən gecə İran paytaxtı Tehranın mərkəzində minlərlə müxalifət tərəfdarı təhlükəsizlik qüvvələrilə toqquşub. Polis gözyaşardıcı qazdan istifadə edib və onlarla nümayişçini tutub. Nümayişlər Misir və Tunisdə son aylarda baş verən üsyanlara həmrəylik məqsədilə keçirilib. Tehranda bir nəfərin öldüyü xəbər verilir.
BBC-nin məlumatına görə, müxalifət tərəfdarları hökumətin qadağasına baxmayaraq, Tehranın Azadi meydanına toplaşıb və "Diktatora ölüm!" şüarlarını qışqırıblar.
Qiyam polisi və Respublika qvardiyası tərəfindən dəstəklənən mülki geyimli polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edib. Polis həmçinin nümayişçilərə idman patronlarından atəş açıb və bəzilərini dəyənəklə döyüb.
Ən qızğın toqquşmaların Azadi meydanına yaxın Azərbaycan küçəsində baş verdiyi bildirilir. Bir neçə təcili yardım maşını hadisə yerinə gəlib.
Şahidlər "Associated Press" agentliyinə bildiriblər ki, nümayişçilərdən 3-ü yaralanıb, təhlükəsizlik qüvvələri tərəfindən döyülən onlarla digəri isə xəstəxanaya götürülüb.
İranın yarı rəsmi "Fars" xəbərlər agentliyi bildirib ki, bir nəfər nümayişçilər tərəfindən öldürülüb, digərləri isə yaralanıb. Müxalifət lideri Mir Hüseyn Musəvinin internet saytı "kaleme.com" isə yazır ki, yüzlərlə nümayişçi həbs olunub.
Bu məlumat rəsmən təsdiqlənməsə də, şahidlər BBC Fars xidmətinə bildiriblər ki, onlarla adam polis maşınlarında ərazidən uzaqlaşdırılıb.
Polis daha sonra Tehran Universitetini və Şərif Universitetini, keçmiş prezident Məhəmməd Xatəmi və keçmiş daxili işlər haziri Abdulla Nurinin evlərini mühasirəyə alıb.
Gecə düşəndə isə polis mərkəzi Tehranda qalıb, nümayişçilər isə dağıdılıb. Şəhərdə elektrik təchizatı kəsilib.
Müxalifətçilər ev dustağıdır
Oxşar nümayişlərin İsfahan, Məşhəd və Şiraz şəhərlərində keçirildiyinə dair məlumatlar var. Bundan öncə polis müxalifət lideri Mir Hüseyn Musəvini ev həbsinə alıb. Bu barədə onun vebsaytında xəbər verilir.
Saytda deyilir ki, bu, keçmiş baş nazirin Tehrandakı yürüşdə iştirakının qarşısını almaq məqsədilə edilib. Hakimiyyət bu yürüşün keçirilməsini qadağan etmişdi. Cənab Musəvinin evinə aparan yol polis maşınları ilə blokadaya alınıb.
Digər müxalifət lideri və parlamentin keçmiş spikeri Mehdi Kərrubi həmçinin faktiki olaraq ev həbsindədir. Hər iki müxalifətçi 2009-cu ildə Prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə qarşı çıxmışdı və bu, İranda 1979-cu il İslam İnqilabında bəri ilk böyük izdihamın toplaşaraq etiraz nümayişi keçirməsimə səbəb olmuşdu. Nümayişlər zorakılıqla dağıdılmışdı.
Müxalifət nümayəndələri deyir ki, 80-dən artıq tərəfdarı seçkilərdən sonrakı 6 ay ərzində öldürülüb. Ancaq hökumət bu rəqəmin düzgün olmadığını bildirir. Bəziləri ölümə məhkum edilib, onlarla adam həbsə alınıb.
Klintondan nümayişçilərə dəstək
Amerikanın dövlət katibi Hillari Klinton İran nümayişçilərinin hünərini alqışlayıb və İran hökumətinin "ikiüzlüyündən" danışıb.
"Biz zorakılılğın əleyhinəyik və təhlükəsizlik qüvvələrindən bir daha istifadə edən və öz xalqının ideyalarının azad ifadə olunmasının qarşısını almaq üçün zorakılığa əl atan İran hökumətini məsuliyyətə çağırırıq" - deyə Klinton Vaşinqtonda jurnalistlərə bildirib
İranda səfərdə olanTürkiyə Prezidenti Abdulla Gül isə bundan öncə xəbərdar edib ki, liderlər və ölkə başçıları öz xalqlarının tələbinə cavab verməyəndə, xalq tələblərinə nail olmaq üçün özü tədbirlər görür.
Modern.az