Təhsil Nazirliyində Bakı Biznes Universitetində, Azərbaycan Milli Konservatoriyasında və Şəki Pedaqoji Kollecində 2010-cu ilin noyabr və dekabr aylarında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda çıxış edən komissiya sədrləri - Bakı Biznes Universiteti üzrə Ə.Babayev, Azərbaycan Milli Konservatoriyası üzrə E.Hüseynova, Şəki Pedaqoji Kolleci üzrə B.Nəsirov bildiriblər ki, təhsil müəssisələrində tədrisin təhsil proqramları əsasında təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Komissiya sədrləri özünütəhlil hesabatlarının nəticələri və tələbələrin müvəffəqiyyət göstəriciləri, professor-müəllim heyətinin sayı, yaş tərkibi haqqında da məlumat veriblər. Bunlarla yanaşı, tədris ocaqlarında ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəriciləri qeyd edilib, komissiyanın tövsiyə və təklifləri nəzərə çatdırılıb.
İclasda Akkreditasiya Şurası tərəfindən Bakı Biznes Universitetində 6, Azərbaycan Milli Konservatoriyasında 7, Şəki Pedaqoji Kollecində isə 3 ixtisasın akkreditə edilməsinə dair qərar qəbul olunub.
Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Modern.az