ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Səfir Metyu Brayza ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə həssas yanaşdığını bildirib: “Rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
İctimai Televiziyanın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib ki, Azərbaycana böyük əhəmiyyət verirlər: “Bakıya gələndə prezident Barak Obama və Dövlət katibi Hillari Klinton Azərbaycanla əlaqələrin Amerika üçün çox mühüm olduğunu bildiriblər. Səfir olduğum müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməyəcəm. Azərbaycanla ABŞ-ı yaxınlaşdıran bir sıra strateji məsələlər var. Bunlar təhlükəsizlik, enerji və.s islahatlardır. Lakin bu sahələrdən heç biri Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən vacib deyil. Mən də buna nail olmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Əsas məsələ odur ki, regionda kompromisə əsaslanan uzunmüddətli sülh bərqərar olsun. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütövlükdə regiona sabitlik gətirəcək”.
Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, davamlı, möhkəm sülhə gətirib çıxaran həll yolu Ermənistan və Azərbaycanın əlindədir: “Biz Minsk qrupu vasitəsi ilə tərəflərin mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və ortaq məxrəcə gəlməkdə köməklik göstərə bilərik. Minsk qrupu tərəflər adından qərar qəbul edə bilməz. Azərbaycan xalqı kimi ABŞ-ın da bu məsələyə həssasla yanaşır. ABŞ Dağlıq Qarabağın yekun statusunun sülh danışıqları vasitəsi ilə müəyyən olunmasını və münaqişənin Helsinki yekun aktının prinsiplərinə əsasən ədalətli həll edilməsini səyləri dəstəkləyirik”.
Metyu Brayza həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşünün martın 5-də Rusiyanın Soçi şəhərində keçiriləcəyini deyib.
Modern.az