Modern.az

“Heydər Əliyev” mükafatının namizədləri bəlli oldu

“Heydər Əliyev” mükafatının namizədləri bəlli oldu

Təhsil

10 Mart 2011, 20:09

2011-ci il üçün Heydər Əliyev Mükafatına namizədliyi irəli sürülən şəxslərin siyahısı açıqlanıb.

Heydər Əliyev Mükafatı Komissiyasından AzərTAc-a bildiriblər ki, komissiyanın əsasnaməsinə müvafiq qaydada təqdim edilən namizədlərin siyahısı mükafatın verilməsinə iki ay qalmış mətbuatda dərc edilməlidir. Əsasnamənin bu tələbini nəzərə alaraq komissiya məlumat verir ki, 2011-ci il üçün aidiyyəti qurum və şəxslər tərəfindən Heydər Əliyev Mükafatına aşağıdakı şəxslərin namizədliyi irəli sürülüb: 

 

1. “Küylərin analizi və qəzaların gizli dövrünün monitorinqi nəzəriyyəsi və texnologiyaları” tədqiqatına görə – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Telman Əliyev. 

2. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabına görə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov.

3. Azərbaycan musiqi elminin tarixinə dair araşdırmalarına görə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova. 

4. Ədəbi prosesi zənginləşdirən əsərlərinə görə – xalq yazıçısı Mövlud Süleymanlı.

5. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə – xalq rəssamı Oqtay Sadıqzadə.

6. Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində xidmətlərinə görə – xalq rəssamı Toğrul Nərimanbəyov. 

 

Heydər Əliyev mükafatı prezident İlham Əliyevin 2004-cü il martın 10-da verdiyi fərmanla təsis olunub. 2007-ci il sentyabrın 20-də dövlət başçısı mükafatın əsasnaməsini təsdiqləyib.

Heydər Əliyev mükafatı üzərində Heydər Əliyevin surəti həkk olunmuş qızıl döş nişanı, diplom və pul mükafatından ibarətdir. Mükafatın məbləği 50 min manatdır. Mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir.

 

Heydər Əliyev mükafatına namizədi hər il oktyabr ayının sonunadək Azərbaycanın prezidenti, baş naziri, Milli Məclisinin sədri, Konstitusiya Məhkəməsinin sədri, Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər Heydər Əliyev mükafatına layiq görülmüş şəxslər irəli sürə bilərlər. Mükafatı dövlət başçısı, yaxud onun vəkil etdiyi digər şəxs (şəxslər) təntənəli və aşkarlıq şəraitində təqdim etməlidir.

Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi 2007-ci il noyabrın 14-də prezident fərmanı ilə müəyyənləşib. Komissiyanın sədri prezident İlham Əliyevdir.

Heydər Əliyev mükafatı hər il mayın 10-da – mərhum dövlət başçısının doğum günündə verilməlidir.

  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat