Müasir Müsavatçılar saat 12.00-da şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaqlar
Müasir Müsavat Partiyası sabah saat 12.00-da Bakı şəhər İcra Hakimiyyəti qarşısında mitinq təyin edib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətnidən məlumat verilib.
Məlumatda deyilir ki, MMP 15 mart 2011-ci il saat 12:00 da "Təbriz" kinoteatrının və yaxud "Nərimanov" metrostansiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. “Bir həftə keçməsinə baxmayaraq BŞİH məktubu cavablandırmayıb. Bununla bağlı Müasir Müsavat Partiyasından BŞİH-in Siyasi Şöbəsi ilə əlaqə saxlanılıb. Siyasi Şöbənin müdiri Zaur Ramazanovla gün ərzində heç cür əlaqə yaradıla bilməyib. Həmin şöbənin qadın işçiləri cavab veriblər ki, Zaur müəllimin hal-hazırda Novruz bayramı ilə bağlı başı qarışıqdır. Ona görə sizin məktubu cavablandıra bilmir”-deyə mətbuat xidmətindən bildiriblər. .
MMP BŞİH-nin bu cür səhlənkar və etikadankənar hərəkətlərinə etiraz əlaməti olaraq ayın 15-nə planlaşdırdığı mitinqi BŞİH-nin binası qarşısında keçirməyi qərara alıb. Aksiyada "Bütün nazirlərə istefa!", "Jurnalistlərə azadlıq!", "Rüşvətə son!" şüarları səsləndiriləcək.
Modern.az