Goranboy rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Faiq Abdullayevin intiharı ilə bağlı Baş Prokurorluğun rayona nümayəndə göndərməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumata görə, Baş Prokurorluq cinayət işinə nəzarət etmək üçün Goranboya xüsusi missiya göndərib. Lakin Baş Prokurorluq bu məlumatı təkzib edir. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Modern.az saytına verdiyi məlumata görə, Goranboya hər hansı bir nümayəndə ezam edilməyib. “Goranboy rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı Baş Prokurorluqdan hər hansı bir nümayəndə ezam olunmayıb və deyilənlər həqiqətə uyğun deyil. Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə Goranboy rayon Prokurorluğunda istintaq tədbirləri davam edir”-deyə E.Sultanov qeyd edib.
Rəsmi məlumata görə, martın 4-də Goranboy rayon sakini, Goranboy rayon Mərkəzi Xəstəxananın keçmiş baş həkimi Faiq Abdullayev xəstəxananın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu ölüm işi cəmiyyətdə geniş rezonans doğuraraq müxtəlif suallar yaradıb. Mail Ağaxanov