Bu gün Müasir Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz mitinqə cəhd ediblər. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmtindən məlumat verilib. Üç istiqamətdə təyin edilən məkana yığışmaq istəyən aksiya iştirakçıları polis dubinkası ilə üz-üzə qalıblar. Böyük çəkişmələrdən sonra mitinq dağıdılıb, 50 nəfər aksiya iştirakçısı isə həbs edilərək Səbail rayonunun müxtəlif polis bölmələrinə aparılıb. Sonradan məlum olub ki, 20 nəfər həmin rayonun 9-cu Polis bölməsində saxlanılır. Verilən məlumata görə onlardan izahatlar alınır. Həmin polis bölməsində Hafiz Hacıyevin Təşkilati Məsələlər üzrə müavini Fərhad Əliyev də var. Qalan həbs edilənlər haqqında hələlik məlumat yoxdur.
Qeyd edək ki, MMP “Nərimanov” metrostansiyasının və “Təbriz” kinotetarının qarşısında mitinq keçirmək üçün BŞİH-nə müraciət etsə də, BŞİH-i məktubu cavablandırmamışdı. MMP-çilər BŞİH-nin bu sayğısızlığına etiraz olaraq həmin instansiyanın qarşısında aksiya keçirməyi qərara almışdılar.
Aksiyaya səbəb ölkədə inqilaba zəmin yaradan məmur özbaşınalığı, rüşvətin və korrupsiyanın pik həddə çatması, işsizlik, orduda anarxiya, söz azadlığının məhdudlaşdırılması, sahibkarların sıxışdırılması, hökümətin korrupsiyaya qarşı mübarizəsinin ancaq kiçik məvacibli dövlət məmurlarına vurduğu zərbədir.
“MMP yuxarıda qeyd edilən neqativ halların aradan qaldırılması üçün bundan sonra aksiyaları davam etdirəcək. Aksiyalar MMP-nin tələblərinə cavab veriləcəyi təqdirdə dayandırılacaq”- deyə bildirilib. Modern.az