Yaxın illərdə Azərbaycanda fiziki və hüquqi şəxslər nəqliyyat vasitəsi kimi özəl təyyarə və helikopterlərə sahib ola biləcəklər
Yaxın illərdə Azərbaycanda fiziki və hüquqi şəxslər nəqliyyat vasitəsi kimi özəl təyyarə və helikopterlərə sahib ola biləcəklər. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib.(APA) A.Məmmədovun sözlərinə görə, «Aviasiya haqqında» qanunda bununla bağlı müddəalar nəzərdə tutulmayıb. Lakin hazırda tələbat duyulduğundan ADMAA bu sahədə araşdırmalar aparır, digər ölkələrin təcrübəsini öyrənir. Administrasiya rəhbərinin sözlərinə görə, ölkənin müharibə şəraitində olması da özəl uçan aparatların istifadəsinə icazə verilməməsində rol oynayır. Belə ki, Qarabağ üzərindəki məkan bağlı hava məkanı hesab olunur. Bu yaxınlarda «Azərbaycanın hava məkanından istifadə Qaydaları»nın təsdiqlənəcəyini deyən A.Məmmədovun sözlərinə görə, helikopter və təyyarə alınmasına icazə verilməzdən əvvəl hava limanlarının imkanlarına baxılmalıdır: «Öncə öyrənmək lazımdır ki, onlar bu uçuş aparatlarını qəbul etmək, yanacaq vermək imkanlarına malikdir ya yox, bu aparatlar hansı hündürlüklərdə uçacaqlar. Biz bu qaydalarda yüngül təyyarələr üçün şərtlər müəyyənləşdirmişik. Məsələn, 600 kq-dan artıq təyyarələr və ya digər uçan aparatlar üçün qaydalar daha sərt olacaq». Administrasiya direktoru aviasiya sahəsində bir sıra qanunların təkmilləşdiriləcəyini də vurğulayıb. A.Məmmədov ADMAA tərəfindən hazırlanmış Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının layihəsinin hazırda Nazirlər Kabinetində baxıldığını və bu yaxınlarda təsdiq olunacağını bildirib. Həmçinin, ADMAA tərəfindən bir ABŞ şirkətinin iştirakı ilə aviasiyaya dair bütün sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində işlərə başlanıb.