Liviya lideri polkovnik Müəmmər Qəddafi öz əsgərlərnə vəd edib ki, ona qarşı çıxış edən hər bir üsyançının başına 350 avro pul qoyub.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı üsyançıların ələ keçirdiyi bir Qəddafi tərəfdarı bildirib. Həmin əsgər deyib ki, Tripoli şəhərinin tutulması zamanı öldürülən istənilən üsyançıya görə ona 350 avro vəd edilmişdi.
Son məlumatlara görə, hazırda Qəddafi tərəfdarları üsyançılarla Zintan və Misurat şəhərləri ətrafında döyüşürlər. Bununla yanaşı, Qərb dövlətlərinin koalisiya qüvvələri Qəddafinin qoşunlarının mövqelərini bombalamaqda davam edir. Belə bombardmanlardan birində Qəddafinin rezidensiyası da zərər çəkib.
Bu arada ABŞ-a məxsus F-15 döyüş təyyarəsi Liviya üzərində qəzaya uğrayıb. Amma qəza zamanı hər iki pilot sağ qalıb.
BBC-nin məlumatına görə, Qərb dövlətləri Liviya əməliyyatına bundan sonra kimin rəhbərlik edəcəyi barədə qərar üzərində düşünürlər.
Bundan əvvəl ABŞ prezidenti Barak Obama vurğulamışdı ki, bir neçə gündən sonra Amerika qüvvələri əməliyyatda aparıcı rolu Avropaya ötürəcəklər.
Vaşinqton bildirir ki, Qəddafinin şəxsən aradan götürülməsi üçün spesifik əməliyyat hazırlamır.
Belə görünür ki, Liviya əməliyyatında aparıcı rollar Britaniya və Fransaya keçəcək. Əməliyyat rəhbərliyinin NATO-ya verilməsi məsələsində Türkiyənin mövqeyinə görə razılıq əldə olunmayıb, İtaliya isə bildirib ki, əməliyyat NATO-ya keçsə, Liviya reydlərindən çıxacaq.
Analitiklər bildiriblər ki, baş rolun sahibi Obamanın niyyətlərinə rəğmən hələ uzun müddət tapılmaya bilər.
Polkovnik Qəddafi isə bir sıra obyektlərə mülki şəxslərin yerləşdirilməsi ilə onları canlı sipərə çevirmək istəyir.
Üsyançılar gözlənildiyi kimi istehkamları olan Benqazidən üzü Qərbə tərəf hərəkət etməyiblər.
Ekspertlər bidliriblər ki, bu müharibə xeyli uzana bilər, çünki Qərb Liviyanın ikiyə bölünməsinin əleyhinə olduğunu bildirib.
Lakin Britaniyanın baş naziri David Kameron deyib ki, bu münaqişə İraqda olduğu kimiqeyri-müəyyən vaxtadək uzanmayacaq.
Modern.az