Martın 25-də Avropa Şurasının (AŞ) Parisdə yerləşən ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorunq Komitəsinin yaz sessiyası ərəfəsində yığıncağı keçirilib. (AzərTAc).
Yığıncaqda AŞ-yə üzv olan bir sıra ölkələrin, o cümlədən Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti ilə bağlı müzakirələr aparılıb. AŞPA Monitorunq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri- ispaniyalı Pedro Aqramun fon de Mora və Maltadan olan deputat Jozef Debono Grex bir qədər əvvəl Azərbaycanda səfərdə olublar.
Komitənin yığıncağında onlar Azərbaycana ilk səfərlərinin nəticələri haqqında məlumat veriblər. İlkin müzakirələr zamanı Böyük Britaniyadan, Rusiya Federasiyasından, Finlandiyadan və digər ölkələrdən olan deputatlar çıxış ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Elxan Süleymanov məruzədə əksini tapmış məsələlər barədə öz mövqelərini bildiriblər.
Qeyd edilib ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sənədləri vaxtlı-vaxtında quruma təqdim edib. Ölkəmiz öhdəliklərin yerinə yetirilməsinə dair hesabatın Monitorinq Komitəsində müzakirəsinə hazırdır. Bu öhdəliklər arasında yerinə yetirilənlər və artıq AŞ tərəfindən qəbul olunanlar əksəriyyət təşkil edir. Hələlik öz həllini tapmayan əsas öhdəlik isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Azərbaycan və Ermənistan AŞ-yə üzv qəbul edilərkən münaqişənin sülh yolu həll olunması barədə öhdəlik götürüblər. Azərbaycanın bu məsələdə konstruktivlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın münaqişənin sülh yolunda həlli istiqamətində qeyri- konstruktiv mövqe tutması problemin indiyədək həllini tapmasına imkan verməyib.
Monitorinq Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin yaradılması ilə bağlı gedən proseslər müsbət hal kimi qiymətləndirilib və bu qurumun münaqişənin həllinə öz töhfəsini verəcəyinə dair nikbin fikirlər səslənib.
Ümumiyyətlə, komitənin yığıncağı konsrturktiv şəraitdə keçib. Çıxış edənlər Azərbaycanda pozitiv dəyişiliklər baş verdiyini, iqtisadi inkişaf olduğunu vurğulayıblar.
Yığıncaqda Azərbaycan üzrə həmməruzəçilərin ölkəmizə növbəti səfəri təsdiqlənib. Bu səfərin iyul və yaxud sentyabr aylarında reallaşdırılması qərara alınıb. Məhz bu səfərdən sonra Azərbaycan üzrə məruzənin ilkin variantı Monitorinq Komitəsinə təqdim olunacaq.