Rusiyanın RİA-Novosti agentliyinin internet saytında 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının dəfn mərasimini əks etdirən fotoşəkil yerləşdirilib. Lakin fotoya tamamilə inanılmaz başlıq və şəkilaltı mətn verilib. Başlıq belə olub: “Bakıda həlak olmuş ermənilərin xatirə günü”.
Şəkilaltı mətndə isə yazılıb: “1990-cı ilin 19-22 yanvarında baş vermiş milli münaqişənin qurbanı olmuş ermənilərin Bakının Mərkəzi parkında dəfn edildiyi yerdə xatirə günü ilə əlaqədar təşkil olunmuş matəm mitinqi”.
AzərTAc dövlət agentliyinin baş direktoru Aslan Aslanov martın 21-də RİA-Novostinin baş redaktoru Svetlana Mironyuka etiraz məktubu göndərib, tarixi həqiqətin və faktların bu cür saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib.
Məktubda baş redaktora xatırladılıb ki, saytda yerləşdirilmiş fotoşəkil 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin Bakıya yeridilmiş xüsusi təyinatlı qoşun birləşmələrinin törətdiyi qırğınlar zamanı həlak olmuş insanların dəfn mərasimi zamanı çəkilib. Bu qanlı aksiya zamanı böyük əksəriyyəti azərbaycanlılar, həmçinin ruslar və yəhudilər olan 132 dinc sakin öldürülüb. 20 Yanvar qırğınında ölənlər arasında erməni olmayıb. RİA-Novostidə verilmiş fotoşəkil 1990-cı il yanvarın 22-də - qanlı qırğından iki gün sonra şəhidlərin dəfn mərasiminin təşkil olunduğu yerdə çəkilib. Elə o vaxtdan Bakının bu dağüstü ərazisi Şəhidlər xiyabanı adlanır. Bu xiyabanı ziyarət edənlərin hamısı bilir ki, burada erməni qəbri yoxdur.
Bu faktın RİA-Novostinin rəhbərlərinə və əməkdaşlarına da yaxşı məlum olduğu xatırladılan məktubda nüfuzlu bir agentliyin kobud səhvə yol verdiyinin təəccüb və təəssüf doğurduğu bildirilib.
AzərTAc-ın müdaxiləsindən sonra RİA-Novosti həmin səhv informasiyanı dərhal saytdan çıxarılıb.