Modern.az

MTN: "Bu il narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər ifşa olunub"

MTN: "Bu il narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər ifşa olunub"

Təhsil

29 Mart 2011, 15:26

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, 2011-ci ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər ifşa olunaraq tutulub.
Həmin şəxslərdən ümumilikdə 362 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. 
İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirlib ki, MTN və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları – Barin Ali Halis oğlu, Talıbov Elman Muxtar oğlu, Əzizov Vidadi Əziz oğlu və Qurbanov Bəhruz Möhəbbət oğlu Rusiyanın Novokuznetsk şəhərində saxlanılıb, onlardan 263 kiloqram həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, dəstə üzvləri həmin həşişi içərisinə şüşə yığılmış yük konteynerində gizlədərək İrandan Rusiyaya yola göndərilməsini təşkil ediblər. Yük konteyneri gəmi vasitəsilə İranın Ənzəli limanından Rusiyanın Həştərxan limanına gətirilmiş, oradan isə dəmir yolu vasitəsilə Novokuznetsk şəhərinə aparılıb. Adları çəkilən şəxslər həmin narkotik vasitələri yük konteynerindən götürən zaman cinayət başında yaxalanıblar.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Şükürov Əliməmməd Həşim oğlu və Məmmədov Əzizağa Qurban oğlu Yekaterinburq şəhərində saxlanılıb, onların İran ərazisindən göndərilməsini təşkil etdikləri və içərisində xurma olan konteynerə keçirilən baxış zamanı oradan 53,5 kiloqram həşiş aşkarlanaraq götürülüb.
MTN-in digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları – Məmmədsalahov Rəşad Nazim oğlu, Quliyev Azər Pirabad oğlu, Axundov Rufin Çölü oğlu, Məmmədov Kamil Nəriman oğlu, Zeynalov İbrahim Telman oğlu və Qurbanov Nəvai Nizami oğlu saxlanılıb, onların Bakı-Moskva qatarının bələdçiləri ilə Rusiyaya qaçaq yolla göndərmək istədikləri 10 kiloqrama yaxın həşiş vaqonun xidməti kupesinin ventilyasiya şaxtasında aşkarlanaraq götürülüb.
Həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində İrandan qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələri gətirmiş Azərbaycan vətəndaşları – Bayramzadə Hüseynağa Ağakərim oğlu, Zeynalov Elçin Əliyulla oğlu, Məmmədov Eldar Qəzənfər oğlu, Hətəmov Elşən Qabil oğlu, Mizəyev Xudaverdi Əlihüseyn oğlu və Vəliyev Faiq Əliguşad oğlu saxlanılıblar, onlardan təxminən 15 kiloqram həşiş və 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Novruzov Novruz Nurəddin oğlu, Behbudov Seymur Həsən oğlu, Həsənov Azər Qasım oğlu, Behbudov İsaməddin Yaqub oğlu və Əliyev Müşfiq Yaşar oğlu saxlanılıb, onlardan “Bakı-Kiyev” qatarında gizli daşınması üçün nəzərdə tutulan 10 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Kərimov Vüqar Sabir oğlu, Ağayev İsmayıl Yəhya oğlu, Kərimov Adil Sabir oğlu və Nəzərov Seyran Hacı oğlu tutulublar. Adil Kərimov və Seyran Nəzərovun İran İslam Respublikasının ərazisindən gətirdikləri ərzaq məhsullarına baxış keçirilərkən oradan təxminən 2 kiloqram heroin, eləcə də 1 kiloqrama yaxın tiryək, həşiş qətranı və metamfetamin (sintetik narkotik) aşkarlanaraq götürülüb.
Mart ayında keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Baxşıyev Ədil Baxşeyiş oğlu, İsgəndərov Aslan Əzizxan oğlu və Şükürov Teymur Yaşıl oğlu saxlanılıb, baxış nəticəsində onlardan İrandan qaçaq yolla Azərbaycan ərazisinə keçirilmiş 5 kiloqrama yaxın həşiş, təxminən 2 kiloqram heroin və 42,6 qram tiryək aşkarlanaraq götürülüb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?