Martın 18-də Buta Palace-da iqtisadiyyat və biznes sahəsində “Uğur-2010” milli mükafatının təqdimat mərasimi keçirilib. Mükafat təsisçilərinin rəyi əsasında hazırlanan nəticələrə görə, ötən il ərzindəki əhəmiyyətli fəaliyyətinə görə 29 laureat “Ugur” Milli mükafatına layiq görülüb. Laureatlar arasında ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var.
Təqdimat mərasimində "Uğur-2010" mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov çıxış edərək nəticələri şərh edib. Onun sözlərinə görə, hər il bu mükafata öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına dəyərli töhfəsini verən təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülür: “Bu il də istisna deyil. Bizim bu dəfəki laureatlarımız Azərbaycanın gələcəkdə də müxtəlif istiqamətlərdə inkişaf etməsi üçün böyük potensialımızın olduğunu bir daha nümayiş etdiriblər”.
Ötən illərdə olduğu kimi bu dəfə də Azercell-in adı laureatlar sırasında olub. Azercell Telekom MMC 2010-cu ildə telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə “Uğur” Milli mükafatına layiq görülüb. Mükafat şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadəyə təqdim olunub. Ü.Həsənzadə “Uğur” mükafatının şirkət üçün böyük önəm daşıdığını bildirib: “Bu, yalnız 2010-cu ildə deyil, ümumiyyətlə şirkətimizin fəaliyyətdə olduğu 15 il ərzində ölkənin telekommunikasiya sektoruna verdiyi töhfəyə bir qiymətdir”.
“Uğur” Milli Mükafatı Azərbaycanda milli iqtisadiyyatın möhkəmləndirilməsində və inkişafında, ölkəyə investisiyaların cəlb olunmasında, dünya standartlarının tətbiqində, yeni iş yerlərinin yaradılmasında iştirakına görə biznesmenlərə, ictimai və dövlət xadimlərinə verilən ilk mükafatdır.
Mükafat 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan bu jurnal iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandırır. “Consulting&Business” azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb. Jurnal tərəfindən hər il “Uğur” Milli mükafatının təqdim olunması ölkədə sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası üçün stimul yaradır.
Modern.az