Martın 29-da Abşeron Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.
DİN mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, daxili işlər naziri təntənəli açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.
Nazirə məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3162 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 61 xidməti otaq, 132 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıbr. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb.
Görülən işləri yüksək qiymətləndirən cənab nazir Abşeron RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.
Daha sonra general-polkovnik Ramil Usubov inzibati binanın akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən ayrılmış 5 yeni mənzilin açarlarını təntənəli şəkildə RPŞ-nin əməkdaşlarına təqdim edib. Nazir bu münasibətlə yeni mənzillərin sahiblərini təbrik edib, polis əməkdaşlarının mənzil, məişət məsələlərinin həllində yaxından iştirakına görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildlrib. O fakt da məmnunluqla vurğulanıb ki, son beş il ərzində Abşeron RİH tərəfindən RPŞ-nin əməkdaşlarına Xırdalan şəhərinin ərazisində inşa edilmiş yeni binalarda 36 mənzil verilib, 196 nəfərə isə fərdi torpaq sahəsi ayrılıb.
Abşeron RİH-in başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə RPŞ-nin əməkdaşlarını təbrik edib, rayon ərazisində ictimai asayişin qorunmasında və cinayətkarkıqla uğurlu mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirib.
Tədbirə yekun vuran daxili işlər naziri əmin olduğunu bildirib ki, RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.
Modern.az