Modern.az

Allahşükür Paşazadə dünyaya müraciət edib

Allahşükür Paşazadə dünyaya müraciət edib

30 Mart 2011, 12:34

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Modern.az-ın məlumatına görə, şeyx müraciətdə bildirib:

- Uca Yaradanın adı ilə!
 Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət edir, xalqımızın son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istəyirəm.

XX əsr ərzində müstəqilliyə qovuşmaq səadətinə nail olmuş Azərbaycan xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban vermişdir. Azərbaycanlılara qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi amansızlıqla həyata keçirilmiş soyqırım siyasəti nəticəsində soydaşlarımız öz doğma torpaqlarından didərgin salınmışlar. Silahsız, dinc əhaliyə qarşı uşaq, qadın, qocalara məhəl qoyulmadan, xüsusi qəddarlıqla gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi  irsin vandalcasına məhv edilməsi ilə müşayiət olunmuş soyqırım aktları xalqımızın yaddaşında dərin iz qoymuşdur. Azərbaycanın bir çox yerlərində 93 il bundan əvvəl - 1918-ci ilin martında törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri - kütləvi insan qəbirstanlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani misaldır.

 Tarixən Azərbaycanın əzəli, əbədi torpaqlarına xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı dörd dəfə soyqırım və deportasiya siyasəti həyata keçirmiş erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz. Bu soyqırım aktları bütün bəşər tarixinə qara ləkədir! Lakin təəssüflər olsun ki, xəyanətkar qonşularımızın əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməmişdir. İnsanlıq əleyhinə cinayətlərə münasibətdə ikili standartlar, siyasi konyuktura mövqeyindən yanaşma, qərəzli təhrif və ya biganəlik nümayiş etdirilməsi qətiyyən yolverilməzdir. Belə ki, cəzasızlıq yeni cinayətlərə sövq edir. Bariz misal kimi, erməni ekstremistlərinin cəzasızlıqlarından istifadə edərək Azərbaycanın 20 faiz ərazisini işğal etməsini, dinc əhalini qətlə yetirməsini, milyondan artıq əhalini öz doğma yurdundan didərgin salmasını, BMT-nin 4 qətnaməsini yerinə yetirməməsini göstərmək olar.         

Dünya ictimaiyyəti azərbaycanlıların soyqırıma məruz qalmasına dair tarixi arxivlərdə mövcud acı həqiqətləri bilməlidir. Belə ki, Azərbaycan xalqı erməni ekstremistlərinin təcavüzü ilə yanaşı, erməni lobbilərinin bütün dünyaya car çəkdiyi dezinformasiyalardan da əziyyət çəkir. Bu ölkə özünün «tarixi əzabkeşliyi» barədə mifdən istifadə edərək törətdiyi vəhşiliklərə, kütləvi qırğınlara, Azərbaycana qarşı hərbi müdaxiləsinə, istilasına dünya ictimaiyyəti qarşısında haqq qazandırmağa çalışır. 

Lakin təəssüf ki, müasir dünyada biz bəzən əsl deyil, saxta soyqırımların tanınması, soyqırım törətmişlərin «soyqırım qurbanları» kimi qələmə verilməsi yönündə meyllərin şahidi oluruq və bu bizi hədsiz narahat edir. Halbuki yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki bir nəticə vermir. 

Din xadimi olaraq, diqqəti məsələnin mənəvi-əxlaqi tərəfinə yönəltmək istəyirəm: bütün səmavi dinlər müqəddəs dəyər olan insan həyatına edilən qəsdi bağışlanmaz günah sayır. Bir günahsız insanın məhvini bütün bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən dini mənəviyyatımız soyqırım törətmişlərin Uca Yaradan və bəşər qarşısında ağır mənəvi məsuliyyətini önə çəkir. Bu gün bütün dünya üçün təhlükə yaradan terrorizmin, nahaq qanların tökülməsinin qarşısının alınması yolunda təsirli vasitələrdən biri də bugünədək törədilmiş və bəşər tarixinə qara ləkə olan terrorlara, kütləvi qırğınlara layiqli hüquqi-siyasi qiymət verilməsi, əsl cinayətkarların beynəlxalq məhkəməyə təslim edilməsi, onların hamı tərəfindən lənətlənməsi, damğalanmasıdır. Yalnız bu təqdirdə faciələrin təkrarlanmasının, bəşəriyyət əleyhinə yeni cinayətlərin qarşısı alına bilər.

Bir daha bütün dünya ictimaiyyətini soyqırımlara məruz qalmış Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, mənfur qonşularımız tərəfindən bizə qarşı törədilmiş dəhşətli soyqırım aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırıram.

Qoy Uca Rəbbimiz düzgünü yanlışdan seçməkdə sizlərə yardımçı olsun və Mərhəmətini üzərimizdən əsirgəməsin!
AMİN!

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?