Martın 30-da Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib. Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak ediblər.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev mərasimi giriş sözü ilə açaraq dinləyiciləri təbrik edib, yüksək təhsil və tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, ilkin hazırlıq kurslarındakı 3 aylıq təlim-təhsil müddətində dinləyicilərə 17 fənn üzrə 142 mövzu tədris olunub, çoxsaylı praktiki məşğələlər, təcrübi təlimlər və işgüzar oyunlar keçirilib. Gənc əməkdaşlar imtahanlarda xüsusi, atəş və fiziki hazırlıq fənnlərindən yüksək nəticələr əldə ediblər.
Milli Məclisin deputatı Rafael Hüseynov tədbirdə çıxış edərək ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb, gənc polis nəfərlərinə sabitliyin və ictimai təhlükəsizliyin qorunub saxlanılması işində uğurlar arzulayıb.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov deyib ki, Dövlət Gənclər siyasəti daxili işlər orqanlarında da layiqincə yerinə yetirilir.
“Bunun məntiqi nəticəsidir ki, hazırda polis sıralarında on mindən çox gənc dövlətə və xalqa sədaqətlə xidmət edir. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Məhz həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, bu gün vətənə və xalqa sədaqət andı içən 553 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaq”.
Tədrisi başa vurmuş dinləyicilər vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər. “Onlar qeyd etmişlər ki, Azərbaycan gəncliyi, Azərbaycan Polisi ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hər an hazırdır”0deyə DİN-dən bildirilib.
Tədbirin sonunda dinləyicilərin təntənəli keçidi olub.
Modern.az