Modern.az

Zahid Oruc: "Mitinqdə İslam bayrağının radikalların bayrağı ilə yanaşı görünməsi təəccüblü olmayacaq"

Zahid Oruc: "Mitinqdə İslam bayrağının radikalların bayrağı ilə yanaşı görünməsi təəccüblü olmayacaq"

31 Mart 2011, 14:57

Millət vəkili Zahid Oruc müxalifətin keçirəcəyi  2 aprel aksiyası ilə bağlı Modern.az saytına açıqlamasında bildirib ki, bu mitinqlər zamanı müxalifət bir neçə amili nəzərə almalıdır: “İlkin olaraq vurğulamaq istəyirəm ki, ölkənin ictimai-siyasi həyatının gələcəyi təkcə hakimiyyətin yox, eləcə də müxalif siyasi qüvvələrin də üzərindədir. Bu mənada düşünürəm ki, aprel aksiyası zamanı həmin qüvvələr bir neçə amili nəzərə almalıdır. Başlıca olaraq bu addımlar Qarabağ prosesinə zərbə olmamalıdır. 90-cı illər dönəmində həmin dırnaqarası vətənpərvərlik və demokratiya ixracı adı altındakı əməliyyatlarda coğrafi olaraq Qarabağı itirmişik. İndiki addımlar da mahiyyətcə onun hüquqi cəhətdən rəsmiləşməsinə çevrilməməlidir”.

Millət vəkili qeyd edib ki, son dövrlər əsas sosial bazadan məhrum olan müxalifət qüvvələri islam ideologiyasından öz şəxsi maraqları naminə istifadə etməyə çalışırlar: “Son zamanlar müxalif qüvvələr dini baza iddia eləməyə başlayıblar. Yəni, islam inancına, bu ideologiyaya sitayiş edən insanların öz tərəflərinə cəlb edilməsi, sanki dini və siyasi radikalların birləşməsi deməkdir.

Özünü qərbpərəst sayan qüvvələrin böyük əksəriyyəti islam platforması ilə çıxış edir. İlk baxışda bu Allaha, peyğəmbərə sitayiş kimi görünür. Amma mahiyyətcə bu addımlar İslamın siyasiləşməsi və hakimiyyət qarşısında bu mənada güc əldə eləmək istəyidir. Bu isə öz-özlüyündə ölkənin daxili həyatına dini ixrac etmək və öz ölkəsinin marağını, üsul-idarəsini yeritməyə çalışan qonşu dairələrin birbaşa hədəfidir”.

Millət vəkili hesab edir ki, mitinqdə İslam bayrağının siyasi radikalların bayrağı ilə yanaşı görünməsi heç də təəccüblü olmayacaq: “Ölkənin dini, siyasi həyatında gənclərin rolunu yüksək qiymətləndirirəm. Azərbaycan gəncliyinin gələcəyində müxalifət də məsuliyyət daşıyır.

Müxalifət qüvvələrinin  90-cı ildən sonra dünyaya gəlmiş gəncliyi öz siyasi maraqlarına alət eləmək istəkləri də bu tendensiyaların içərisində qabarıq görünür. Məncə onların da ölkənin istər dini həyatında olsun, istərsə də siyasi həyatında gəncliyin gələcəyinə yönəlik məsuliyyəti var”-deyə qeyd edən Z.Oruc müxalifətin şəhərin mərkəzində aksiya keçirmək istəyini pisləyib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?