Prezident İlham Əliyevin martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə verdiyi tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün aprelin 4-də Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olub. (AzərTAc)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlət başçısına məlumat verib. Qeyd edək ki, 14 min 585 nəfər əhalisi olan Qobustanda artıq qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb. İndiyə qədər yolların 10 min kvadratmetr hissəsinə yeni asfalt örtüyü döşənib. Yolun qalan 18 min kvadratmetr hissəsinin də asfalt örtüyü təzələnəcəkdir. Məhəllədaxili bütün küçələrdə yeni işıqlandırma sistemi quraşdırılacaq.
Qəsəbədə görülən işlərlə yaxından tanış olan dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb.
Sakinlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəsəbə sakinləri dövlət başçısından mədəniyyət evinin əsaslı surətdə yenidən qurulmasını, xəstəxana və məktəb üçün yeni binalar tikilməsini xahiş ediblər.
Qobustan qəsəbəsinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Ələt qəsəbəsində də olub. Burada da görülən işlər barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, Ələtdə qəsəbədaxili yolların 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaq. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcək.
Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı Ələt qəsəbəsinin sakinləri ilə görüşüb.
Modern.az