Aprelin 15-də Prezident İlham Əliyev Astaraya səfəri zamanı Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub və tapşırıqlarını verib.
Daha sonra Prezident Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı su-elektrik stansiyasının təməlini qoyub və gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb öz tövsiyə və tapşırıqlarını verib.
Prezident həmçinin Astara qaz-kompressor stansiyasının açılışında da iştrak edib. Astara şəhərinin Heydər Əliyev prospektində yaradılan Dövlət Bayrağı Meydanı ilə tanış olan dövlət başçısı daha sonra Gənclər Evinin açılışını bildirən lenti kəsib. Ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olan dövlət başçısı burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradıldığını bildirib.
Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılan şəraitlə də tanış olub. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezidentə məlumat verərək bildirib ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunub.
Prezident Astarada Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılan şəraitlə yaxından tanış olub və Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İlham Əliyev Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışını edib. Burada müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxdığı bildirilib.
Modern.az