Baş nazir qəzanın 25 illiyi ilə bağlı keçirilən Kiyev sammitində dünyanı Ermənistandakı Metsamor AES-in bağlanmasına kömək etməyə çağırıb
Aprelin 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çernobıl AES-də baş verən qəzanın 25 illiyinə həsr olunan sammitdə iştirak etmək üçün Kiyevə səfərə edib.
"Ukrayna evi"ndə nüvə enerjisindən təhlükəsiz və innovasiyalı istifadə edilməsi məsələlərinə dair Kiyev sammiti işə başlayıb. Azərbaycan Respublikasının Baş naziri sammitdə çıxış edib.
Kiyev sammitində 60-dan çox nümayəndə, o cümlədən 17 nəfər dövlət və hökumət başçısı, dünyanın bir sıra ölkələrinin ali vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.
Baş nazir Artur Rasizadə öz çıxışında ən dəhşətli texnogen fəlakətin - Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O vurğulayıb ki, Azərbaycan həmişə, o cümlədən bu faciə baş verən vaxtda da Ukraynanın yanında olub.
Artur Rasizadə onu da qeyd edib ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən 8 min azərbaycanlı öz sağlamlığını itirib. Azərbaycanda bu insanlar sosial qayğı və dövlətin diqqəti ilə əhatə olunublar. Baş nazir sammit iştirakçılarının diqqətini Ermənistandakı Metsamor AES-in seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olmasına cəlb edib. Artur Rasizadə dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırıb.
Sammitin nəticələrinə əsasən Yüksək Səviyyəli Bəyannamə qəbul edilib.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sammit çərçivəsində Argentinanın xarici işlər naziri Ektor Timerman ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Modern.az