Modern.az

İki partiya polisin hərəkətlərilə bağlı BƏYANAT verdi

İki partiya polisin hərəkətlərilə bağlı BƏYANAT verdi

20 Aprel 2011, 12:46

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə bəyanatı yayılıb. VİP mətbuat xidmətindən Modern.az-a daxil olan bəyanatda deyilir:

- Azərbaycan hakimiyyəti daxili qüvvələrin və sivil dünyanın çağırışlarına məhəl qoymayaraq, ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquqlarından istifadəsinə imkan vermir. Vətəndaşların xüsusilə sərbəst toplaşmaq və özünüifadə azadlığını məhdudlaşdıran hakimiyyət dinc kütləvi aksiyaların qarşısını amansızlıqla alır.  Bunun nəticəsində aksiya iştirakçıları polis zorakılığına məruz qalır və həbs olunurlar.

Bu sırada bəzi müxalifət partiyalarının 2011-ci il aprelin 17-də keçirməyə çalışdığı kütləvi aksiya da istisna olmadı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının aksiya iştirakçılarına qarşı güc tətbiqi nəticəsində onlarla insan xəsarət alıb və həbs edilib. Çox təəssüf ki, polis zorakılığı bu dəfə azyaşlı uşaqlardan da yan keçməyib və 5 yaşlı bir qız uşağı polis maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb. 17 aprel aksiyası ilə bağlı daha bir təəssüf doğuran məqam polisin saxladığı AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində məhkəmə tərəfindən 5 sutkalıq həbs cəzasının çıxarılmasıdır. Məhkəmənin bu qərarı cəmiyyətdə haqlı narazılıqla qarşılanıb.

ALP və VİP hakimiyyətdən vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağı və 17 aprel aksiyası zamanı həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?