AFFA prezidenti Rövnəq Abdullayev bu gün Ağdamın Quzanlı kəndindəki stadiona baxıb, müsbət fikirlər səsləndirib.
Supersport.az-ın məlumatına görə, idman qurğusunu bəyənən qurum rəhbəri deyib ki, "Qarabağ"ın ev oyunlarını Ağdamda keçirməsi vacibdir: "Futbolun bölgələrdə inkişaf etdirilməsi çox vacibdir. Bu olmadan futbolun tərəqqisindən danışmaq olmaz. Mən "Qarabağ" rəhbərliyinə dəfələrlə tövsiyə vermişəm ki, Quzanlıya qayıdıb, ev oyunlarını Qarabağda keçirsinlər. Buradan da onlara bir daha səslənirəm. Ancaq bir məqamı deyim ki, klublar müstəqildirlər. Buna görə də onlara təsir mexanizmimiz azdır. Klublara göstəriş verə bilmirik ki, harada məşq edib oynasınlar".
Qeyd edək ki, stadionda keçirilən görüşdə Ağdamın icra başçısı Nizami Sadıqov, onun birinci müavini Zülfü Qasımovla yanaşı, AFFA rəhbəri Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, futbol veteranı Elbrus Abbasov və başqa şəxslər iştirak ediblər.
R.Abdullayev AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində tətbiq olunan Elit Məşq layihəsi çərçivəsində Quzanlıdakı Olimpiya İdman Komleksində start verilən məşqləri izləyib. Elit Məşq layihəsinin Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş məşqçisi, futbol veteranı Elbrus Abbasov keçirilən məşqlər, Elit Məşq layihəsinə cəlb olunan uşaqlar barədə AFFA prezidentinə ətraflı məlumat verib. R.Abdullayev bu layihə sayəsində xeyli istedadlı uşağın üzə çıxarılacağına, milli komandalarımızın və klublarımızın üzvlərinə çevriləcəyinə inandığını bildirib, məşqçilərə və uşaqlara uğurlar arzulayıb.
Modern.az